Fransa və Almaniyada kütləvi etirazlar başlayıb, yüzlərlə şəxs saxlanılıb

Fransa və Almaniyada sosial-iqtisadi vəziyyətə və hökumətlərin siyasətinə qarşı kütləvi etiraz aksiyaları keçirilib. Fransada təxminən 320 min nəfər küçələrə çıxıb, Almaniyada isə etirazlar 30-dan çox şəhəri əhatə edib.

“Agence France-Presse” agentliyinin Fransa Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, ölkədə alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən aksiyalar zamanı 296 nəfər saxlanılıb.

Parisdə etirazçılarla polis arasında qarşıdurma baş verib. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə edib. Lion şəhərində də toqquşmalar qeydə alınıb.

Etirazçılar qiymətlərin artmasına və büdcə xərclərinin azaldılmasına etiraz ediblər. Aksiya iştirakçıları Fransa Prezidenti Emmanuel Makronun müqəvva başını döyərək simvolik edam səhnəsi nümayiş etdiriblər.

Ölkə üzrə ictimai asayişin qorunmasına təxminən 70 min polis və jandarm cəlb olunub.

Fransa Daxili İşlər Nazirliyindən bildirilib ki, razılaşdırılmış yürüşlər insidentsiz başa çatsa da, Bordo, Tuluza, Renn, Lill, Nant, Marsel və Lion şəhərlərində radikal qruplar aksiyalardan sonra şəhər mərkəzlərinə daxil olaraq vandalizm və talançılıq törətməyə cəhd göstəriblər.

Almaniyada isə “Gen Z regelt” hərəkatının təşkilatçılığı ilə gənclər kansler Fridrix Mertsin siyasətinə qarşı etiraz aksiyalarına çıxıblar.

Berlində Brandenburq qapısı qarşısına toplaşan nümayişçilər Almaniya Demokratik Respublikasının bayraqları, kommunist simvolları və kanslerin istefasını tələb edən plakatlar qaldırıblar.

Etirazçılar təhsilə ayrılan vəsaitin artırılmasını, yaşayış xərclərinin azaldılmasını və məcburi hərbi xidmətin tətbiq edilməməsini tələb ediblər. Onlar, həmçinin hərbi xərclərin artırılmasına qarşı çıxıblar.

Bəzi şəhərlərdə mağaza sahibləri mümkün iğtişaşlardan ehtiyat edərək vitrinlərini əvvəlcədən taxta lövhələrlə bağlayıblar. (apa)