Fransada təsirini göstərən anomal isti hava şəraiti nəticəsində azı 7 nəfər həyatını itirib. Ölənlərdən 5-nin göl, çay və sahillərdə boğulma nəticəsində dünyasını dəyişdiyi bildirilib.
Paytaxt Parisdə keçirilən 10 kilometrlik qaçış zamanı isə bir nəfər ölüb, 10 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ölkənin hava proqnozu xidməti Fransanın böyük hissəsində “narıncı” təhlükə xəbərdarlığı elan edib. Meteoroloqlar temperaturun bəzi bölgələrdə 36 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırırlar.
Hökumət yerli qurumlara kütləvi idman tədbirləri zamanı əlavə təhlükəsizlik tədbirləri görmək tapşırığı verib. Bildirilir ki, bazar ertəsi ölkədə müşahidə tarixinin ən isti may günlərindən biri qeydə alınıb.
Fransa hökuməti vəziyyəti müzakirə etmək və hazırlıq tədbirlərini nəzərdən keçirmək üçün yaxın günlərdə xüsusi iclas keçirəcək.