Fransada meşə yanğınları ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanılan şəxslərin sayı 328-ə çatıb.
BFMTV telekanalının məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Loran Nunes brifinqdə məlumat verib.
"Baş verən yanğınlarla əlaqədar 328 nəfər şübhəli şəxs qismində saxlanılıb", – deyə BFMTV telekanalı nazirin sözlərini sitat gətirib.
Bundan əvvəl Loran Nunes Fransanın cənub-qərbindəki Jirond departamentində baş vermiş iri meşə yanğınının lokallaşdırıldığını bildirmişdi. Regional prefekturanın məlumatına görə, təxliyə olunan 220 min nəfərdən 198 mini artıq evlərinə qayıda biləcək.
Qeyd edək ki, bu il Avropada, xüsusilə İspaniya və Fransada meşə yanğınları rekord miqyas alıb. Avropa Komissiyası daha əvvəl bildirmişdi ki, yanğınların söndürülməsi üçün Aİ-nin Mülki Müdafiə Mexanizmi çərçivəsində 13 təyyarə, 4 helikopter və Avropa İttifaqının müxtəlif ölkələrindən yüzlərlə yanğınsöndürən səfərbər edilib.