Yücel Karauz:“S-400-lər olmasa belə, Türkiyənin F-35-ə qayıdışı real görünmür”
Türkiyənin Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sistemlərini alması və bu qərarın ABŞ-la münasibətlərə təsiri gündəmdə olan əsas mövzulardan biridir. ABŞ administrasiyası bu sistemlərin NATO müdafiə infrastrukturu ilə uyğun olmadığını bildirir və 2019-cu ildən etibarən Türkiyəni “F-35” proqramından uzaqlaşdırıb. Bununla yanaşı, Türkiyə öz növbəsində S-400-lərin alınmasını mövcud təhlükəsizlik ehtiyacları və əvvəlki illərdə Patriot sistemlərinin satışında yaşanan çətinliklərlə izah edir. ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak “X” hesabında bildirib ki, ABŞ qanunvericiliyinə əsasən, Türkiyənin “F-35” proqramına qayıtması üçün S-400 sistemlərinə sahib olmaması və onları istismar etməməsi tələb olunur. Onun sözlərinə görə, prezidentlər Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan əməkdaşlıq mühiti dialoqu daha məhsuldar edib və yaxın aylarda hər iki tərəfin təhlükəsizlik tələblərini nəzərə alan irəliləyişə ümid edilir.
Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a açıqlamasında Rusiyanın istehsal etdiyi S-300 və S-400 hava hücumundan müdafiə sistemlərinin ABŞ-nin heç bir ölkənin almasını tövsiyə etmədiyi, əksinə qarşı çıxdığı sistemlər olduğunu söyləyib:

"Türkiyə mövcud şəraitdə ABŞ-dan Patriot sistemlərini ala bilmədiyi, əvvəlki ABŞ administrasiyasının buna faktiki olaraq embarqo tətbiq etdiyi üçün hava müdafiəsini gücləndirmək məqsədilə S-400 sistemlərini satın aldı, sınaqdan keçirdi, işlətdi. Hazırda da bu sistemlər hazır vəziyyətdə saxlayır. F-35 proqramından Türkiyənin çıxarılmasını da S-400-lərlə əlaqələndirdilər. ABŞ bu mövzuda israrla mövqeyini davam etdirir. Burada əsas prinsip Rus hava hücumundan müdafiə sistemləri ilə NATO təyyarələrinin frekanslarının və məlumatlarının ortaya çıxmamasıdır. Halbuki illərdir Yunanıstan, Bolqarıstan və Çexiya kimi ölkələrdə S-300 sistemləri mövcuddur. S-400 isə bu sistemin daha da inkişaf etmiş versiyasıdır. Buna baxmayaraq, ABŞ Türkiyədən danışanda bu məsələni gündəmə gətirir. Lakin o, NATO müttəfiqi olan Bolqarıstan, Çexiya və Yunanıstana qarşı heç bir reaksiya vermir. Bu isə açıq-aydın ikili standart və ikiüzlülük nümunəsidir. Türkiyənin S-400-ləri başqa bir ölkəyə verməsi və ya istifadədən çıxarması kimi variantlar masa üzərindədir. Lakin Türkiyə hazırda öz “Dəmir Qübbə” tipli hava müdafiə sistemini inkişaf etdirir və bu sistem tam hazır olana qədər qəfil və gözlənilməz hava təhdidlərinə qarşı S-400-ləri əlində saxlamaq məcburiyyətindədir".
General bu məsələnin ABŞ səfəri zamanı Donald Tramp və Prezident Rəcəb Tayyib Ərdoğan arasında da müzakirə olunduğunu xatırladıb:
"Türkiyənin “Kağan” qırıcı təyyarəsi və “Kızıl Elma” pilotsuz döyüş aparatı hazır olduqca ölkənin F-35-lərə olan asılılığı azalacaq. F-35-lərin yaratdığı boşluğu Türkiyə Eurofighter almaq və F-16-ları öz imkanları ilə modernləşdirməklə aradan qaldırmağa çalışır. Buna baxmayaraq, mən belə düşünürəm ki, Türkiyə S-400-ləri başqa bir ölkəyə versə və ya istifadədən çıxarsa belə, xüsusilə İsrail və Yunanıstan kimi onun inkişafını istəməyən ölkələr F-35-lərin verilməsinin qarşısını almağa çalışacaqlar. Reallıq budur. Yaxın dövrdə bu istiqamətdə ciddi bir dəyişiklik olacağını düşünmürəm. ABŞ isə sadəcə diplomatik masanı açıq saxlamaq və Türkiyəyə müəyyən psixoloji təzyiq göstərmək üçün bu mövzudan istifadə edir".