Hakerlər Tayvan dövlət qurumlarının 85 əməkdaşının hesabını sındırıblar

Tayvan hökuməti bildirib ki, bu ilin iyul ayında ölkənin dövlət qurumlarına qarşı xaricdən həyata keçirilən süni intellektdən istifadə olunan anormal kiberhücum baş verib. Tayvan üçün bu yeni tip təhlükə “ilk belə hal” hesab olunur.

Sherg.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Tayvanın Rəqəmsal İşlər Nazirliyinin məlumatına görə, 20 iyulda baş verən bu “qeyri-adi hücum” qurumun kibertəhlükəsizliyə monitorinq bölmələri tərəfindən aşkarlanıb. Araşdırma davam etdiyi müddətdə Milli Kibertəhlükəsizlik İnstitutu bir sıra xəbərdarlıqlar yayıb.

İsrailli ekspertlərin sözlərinə görə, hücum edənlər açıq mənbəli süni intellekt agentlərindən istifadə edərək avtonom fəaliyyət göstərən haker aləti yaradıblar. Bu alət koordinasiyalı şəkildə hərəkət edən bütöv bir “kiberkomanda” kimi fəaliyyət göstərib.

Nəticədə ən azı 85 dövlət istifadəçisinin hesabı sındırılıb. Həmin hesablardan 2 500-dən çox kadr məlumatı əldə edilib. Daha sonra hücum Tayvanın Nüvə Təhlükəsizliyi İdarəsinə və ən azı yeddi enerji şirkətinə yayılıb.