“Hasidik yəhudilər sionizmə qarşıdırlar” - İlahiyyatçı

  • Tural İrfan: “Hasidik kişilər az vergi ödəyir, amma sosial yardımlardan faydalanırlar”

Türkiyəli bloger Ruhi Çenetin Hasidik yəhudilərin qapalı yaşayış tərzi və dini ibadətləri barədə hazırladığı video qısa müddətdə bütün dünyada ajiotaj yaradıb. Xüsusilə də Vaşinqtonda yəhudilərlə yerli xalq arasında toqquşmalara səbəb olub. Videokadrlarda blogerin Tövrat oxumaq və söhbət etmək üçün onların toplandığı icma evinə də baş çəkdiyi görünür.

Hasidik yəhudilərin Tövratı oxuyarkən, etdikləri qeyri-adi hərəkətlər hər kəsdə təəccüb doğurub. Marağa səbəb olan digər məqamlardan biri də onların geyim və yaşam tərzidir. Hasidik yəhudilərin necə yaşadığını öyrənmək üçün onlardan birinin evini ziyarət edən R. Çenet mətbəxdə hər əşyadan iki ədəd olduğunu görür. Təəccüblənən bloger bunun səbəbini soruşduqda, bir hissəsinin ət məhsulları, digərinin isə südlü yeməklərin hazırlanması üçün ayrıldığını əsas gətiriblər. Günün çox hissəsini ibadətlə keçirib, işləməyən bu toplumun ABŞ kimi bahalı ölkədə necə dolandığı da müzakirə mövzusudur. Vaşinton sakinlərinin ən çox reaksiya göstərdiyi məqam da məhz budur. Müasir və son dərəcə sürətli inkişaf yolu ilə irəliləyən Amerikada Wi-Fi-dan və texnoloji yeniliklərdən uzaq yaşayan toplumun qeyri-adi adət-ənənələri və həyat tərzi hər kəsin maraq dairəsinə çevrilib. 

İlahiyyatçı Tural İrfan Sherg.az-a açıqlamasında hasidik yəhudilərin tarixi keçmişini və yaşayış tərzini təhlil edib:

“Hasidizm 18-ci əsrdə Şərqi Avropada yaranmış yəhudi dini hərəkatıdır. Hasidik yəhudilər modern dünyadan təcrid olunmuş qapalı həyat tərzləri, ciddi dini qaydaları və geyimləri ilə tanınan bir cəmiyyətdir. Onların həyat tərzi, gəlir mənbələri və ABŞ dövlətindən aldıqları yardımlar son dövrlərdə sosial mediada geniş müzakirə mövzusuna çevrilib. İslamda olduğu kimi İudaizmdə də müxtəlif təriqətlər var. Bunların həyata, Tövrata, dünyaya baxışları da müxtəlifdir. Tövrat hökmlərini anlamaq, yozmaq və tətbiq etmək mövzusunda da aralarında fərqlər var. Sionizm yəhudiliyi əsasən dini yox, siyasi, ideoloji, milli kimliyi önə sürür, dövlət, dövlətçilik missiyasını müdafiə edir. Lakin Hasidik yəhudilər əksinə dünyadan mümkün qədər təcrid olunmağı, sırf dini, mənəvi dəyərləri əsas tutub, yaşamağı üstün tuturlar. İlkin Tövrat ənənələrinə dönüş, tam dini həyat yaşamaq onlar üçün prioritet təşkil edir. Dünyadan təcrid olunma və texnologiya qadağası bu cərəyanın əsas tələblərindəndir. İnternet, televizor, smartfon və qlobal pop-mədəniyyət tamamilə rədd edilir. Yalnız icma daxilində süzgəcdən keçmiş daxili rabitə vasitələrindən istifadə olunur”. 

İlahiyyatçı hasidik yəhudilərin qeyri-adi geyim tərzlərinə də diqqət çəkib:

“Kişilər qara kostyum, ağ köynək, xüsusi şlyapalar geyinir və saqqal saxlayıb, saçlarının yan tərəfini uzadırlar. Qadınlar isə bədəni tam örtən uzun və sadə paltarlar geyinir, evləndikdən sonra saçlarını gizlətmək üçün parik və ya yaylıq taxırlar. Ailə planlaması yoxdur. Hasidik ailələrdə uşaq sayı çox yüksəkdir. Ortalama 7 ilə 12 uşaq arası ola bilər. Yaqub peyğəmbərin 12 oğlu olduğu üçün çalışırlar sayı 12-ə çatdırsınlar. Oğlan uşaqları kiçik yaşlarından dünyəvi elmləri, riyaziyyat, ingilis dili kimi fənləri demək olar ki, öyrənmir, bütün günlərini dini məktəblərdə Tövrat və Talmud oxumağa həsr edirlər. Xüsusilə kişilərin əksəriyyəti günün əhəmiyyətli hissəsini dini təhsilə və ibadətə ayırır. Lakin tamamilə işləməyən ailələrin yaşayışı bir neçə sütun üzərində qurulub. Kişilər Tövrat öyrənərkən, ailənin dolanışığını təmin etmək üçün qadınlar tez-tez müəllimlik, uşaq baxımı, mühasibatlıq və ya icma daxili dükanlarda işləyirlər. Hasidik yəhudilərin öz məhəllələrində məsələn, Nyu-Yorkun Bruklin, Uilyamsburq və ya Kiryas Joel rayonlarında böyük biznesləri var. Almaz ticarəti, daşınmaz əmlak, kaşer (halal) qida sənayesi və dini ləvazimatların istehsalı icmaya böyük gəlir gətirir. İşləyən kişilər bu sahələrdə çalışırlar Güclü daxili yardımlaşmaları var”.  

Müsahib qeyd edib ki, icma daxilində faizsiz borc verən fondlar, pulsuz ərzaq və geyim paylayan xeyriyyə təşkilatları mövcuddur:

“Varlı yəhudilər öz icmalarındakı kasıblara və din xadimlərinə böyük ianələr edirlər. Çox qənaətcil həyat sürürlər. Lüks həyat tərzi yoxdur. Bir otaqda bir neçə uşaq yatır, geyimlər böyük uşaqlardan kiçiklərə ötürülür, restoran və əyləncə xərcləri demək olar ki, mövcud deyil. ABŞ dövləti də onlara yardım edir. Hətta Hasidik icmaları ABŞ-də dövlət yardımlarından ən çox faydalanan qruplardan biridir. Tədqiqatlara görə, Hasidik yəhudilərin yaşadığı bölgələrdə əhalinin 50%-dən 70%-nə qədəri rəsmi olaraq yoxsulluq həddinin altında və ya ona yaxın yaşayır. Dövlət onlara xüsusi olaraq yəhudi olduqları üçün deyil, çoxuşaqlı olmaları və rəsmi gəlirlərinin aşağı olması səbəbindən standart qanunlar çərçivəsində bir növ sosial yardım edir”.

T.İrfanın fikrincə, Hasidik yəhudilərin Amerikada siyasi çəkisi çox güclüdür:

“Seçkilərdə vahid blok halında səs verdikləri üçün siyasətçilər onların yardımlarını kəsməyə cəsarət etmirlər. Digər tərəfdən, adi vergi ödəyicisi olan amerikalılar isə bundan narazıdırlar. Çünki Hasidik kişiləri dünyəvi işlərdə az çalışır, az vergi ödəyir, lakin dövlət büdcəsinin sosial yardımlarından maksimum dərəcədə faydalanırlar. Bu yəhudilərin yaşam tərzi orta əsrlərin mühafizəkar sosial qaydalarına əsaslansa da, sionizmə qarşıdırlar. İnanca görə yəhudilər üçün dövləti yalnız qeybdə olan Məsih gəlib qura bilər. Hazırda onların böyük əksəriyyəti İsrailə qarşıdırlar, təbii ki, törədilən cinayətlərə də haqq qazandırmırlar. Tövratdan çıxarılan müxtəlif mənalar var. Digərlərindən fərqli olaraq bu yəhudilər də qəbul etdikləri yolu məhz Tövratla bağlayırlar”.