İran ilə Amerika Birləşmiş Ştatları arasında artan gərginlik fonunda rəsmi Tehranın verdiyi açıqlamalar regionda yeni mərhələnin başlandığını göstərir.
Belə ki, İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ hərbi qüvvələrinin Bəndər-Abbasdakı bəzi ərazilərə hücum edərək, atəşkəsi pozmasını qınayıb.
Xüsusilə Fars körfəzi və Hörmüz boğazı ətrafında baş verən proseslər enerji təhlükəsizliyi, dəniz ticarəti və regional sabitlik baxımından qlobal diqqət mərkəzində qalmaqdadır. Mövcud vəziyyət tərəflərin birbaşa genişmiqyaslı müharibədən yayınmağa çalışdığını göstərir. Lakin, aşağı intensivlikli qarşıdurmalar və diplomatik təzyiqlər davam edir.
Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Sherg.az-a İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin verdiyi açıqlamanın bir neçə mühüm strateji diplomatik mesaj ehtiva etdiyini söyləyib:
"Açıqlamanın dili və vurğuları yalnız hərbi reaksiya deyil, eyni zamanda beynəlxalq hüquq, çəkindirmə və danışıqlar müstəvisi baxımından da diqqətlə qurulub. Bu fars diplomatiyasının məhsuludur. İlk növbədə İranın atəşkəs pozuntusu vurğusu, Amerika Birləşmiş Ştatlarını beynəlxalq ictimaiyyət qarşısında razılaşmaya sadiq qalmayan tərəf kimi göstərməyi hədəfləyir. Bəndər-Abbas kimi strateji liman və dəniz bazasının hədəf alınması iddiası, Fars körfəzi təhlükəsizliyi baxımından ciddi mesajdır. Çünki Bəndər-Abbas İran donanmasının və Hörmüz boğazına nəzarətin əsas mərkəzlərindən biridir. Bu səbəbdən İran hücumu yalnız taktiki əməliyyat deyil, suverenliyə yönəlmiş strateji təzyiq kimi təqdim edir. İranın Birləşmiş Millətlər Təşkilatının 51-ci maddəsinə istinad etməsi də önəmlidir. Bu maddə dövlətlərə legitim müdafiə hüququ tanıyır. İran bununla gələcəkdə verə biləcəyi hərbi cavabları beynəlxalq hüquq baxımından müəyyən zəminə oturtmağa çalışır".
Analitik bildirib ki, İranın burada diqqət edəcəyi məqam birbaşa genişmiqyaslı müharibə başladan tərəf görüntüsü verməməyə çalışmasıdır:
"Bu səbəbdən açıqlamada “zəruri bütün tədbirlər” ifadəsindən istifadə olunub. Buna görə birbaşa müharibə elan edən dilə üstünlük verilməyib. Amerika Birləşmiş Ştatları baxımından yanaşdıqda, əgər həqiqətən məhdud hücumlar davam edirsə, bunun bir neçə məqsədi olacaq: İranın dəniz potensialını təzyiq altında saxlamaq, Hörmüz ətrafındakı enerji təhlükəsizliyini qorumaq, İran dəstəkli ünsürlərin körfəzdə gəmilərə qarşı fəaliyyətlərini çəkindirmək, atəşkəsi tam sülh deyil, nəzarət olunan aşağı intensivlikli təzyiq prosesi kimi şərh etmək baxımından məsələni dəyərləndirmək. Göründüyü qədərilə Amerika bunu bu şəkildə anlayır. Burada əsas mesaj və məsələ budur ki, Amerika Birləşmiş Ştatları ilə İran atəşkəs anlayışını eyni şəkildə qəbul etmirlər. Amerika Birləşmiş Ştatları ehtimal ki, İran dəstəkli dəniz təhdidlərini və ya vəkil qüvvələri hədəf almağı atəşkəsdən kənar hesab edir. İran isə öz ərazisinə və ya infrastrukturuna yönələn hər hücumu birbaşa atəşkəs pozuntusu kimi qəbul edir".
Ekspet qeyd edib ki, açıqlamadakı diqqət çəkən digər məqam Omanla həmrəylik mesajıdır:
"Bu, İranın körfəz diplomatiyasını tamamilə itirmək istəmədiyini göstərir. Oman uzun müddətdir Amerika Birləşmiş Ştatları ilə İran arasında vasitəçi rolunu oynayan ölkələrdən biri mövqeyindədir. Əgər Tramp administrasiyası Omana qarşı sərt açıqlamalar veribsə, İran bunu körfəz ölkələrini öz ətrafında konsolidasiya etməyə yönəlmiş addım kimi istifadə etməyə çalışacaq. Ümumi mənzərəni belə qiymətləndirə bilərik ki, nəzarət olunan gərginlik ssenarisi başlayacaq. Ən güclü ehtimal budur. Tərəflər birbaşa böyük müharibə istəmədiyi, lakin aşağı intensivlikli hücumlar, kiber əməliyyatlar, dəniz təzyiqləri və vəkil qüvvələr vasitəsilə mübarizəni davam etdirəcəklər. Digər məsələ isə dəniz təhlükəsizliyi böhranıdır. Fars körfəzi və Hörmüz boğazı ətrafındakı tankerlər, ticarət gəmiləri və ya enerji xətləri üzərindən yeni böhranlar yaranacaq. Bu vəziyyət neft qiymətlərini yenidən qlobal miqyasda yüksəldəcək".
Müdahibimiz diplomatik təzyiq prosesinin də burada vacib rol oynadığını deyib:
"İran BMT Təhlükəsizlik Şurasını və beynəlxalq platformaları daha fəal şəkildə istifadə edərək Amerikanı beynəlxalq hüququ pozan tərəf kimi göstərməyə çalışır. Lakin Amerika Birləşmiş Ştatlarının veto hüququ var. BMT-də Amerikanın veto hüququ səbəbilə Birləşmiş Millətlər Təşkilatının sərt qərar qəbul etməsi gözlənilməməlidir. Digər bir məsələ isə daxili siyasi ölçülərdir. Həm Donald Tramp tərəfi, həm də İran rəhbərliyi öz daxili ictimaiyyətlərinə “geri addım atmırıq” mesajı verməyə çalışırlar. Bunu liderlər baxımından daxili siyasət üçün zərurət kimi söyləmək olar. Bu səbəbdən liderlərin və ya tərəflərin ritorikası sərtləşsə də, tərəflər nəzarətli hərəkət etməyə çalışacaqlar. Mövcud mənzərə tammiqyaslı müharibədən daha çox uzadılmış nəzarətli böhran görüntüsü yaradır. Lakin Fars körfəzi kimi dar və yüksək riskli bölgədə kiçik bir yanlış hesablama belə çox sürətlə böyük regional qarşıdurmaya çevrilə biləcək potensiala malikdir".
İ.Cingözün sözlərinə görə enerji nəqli xətləri və dəniz ticarəti bu prosesdə ən həssas sahələr olaraq qalmaqdadır:
"Fars körfəzi qlobal miqyasda son dərəcə ciddi enerji təchizatı bölgəsidir. Neft və təbii qaz baxımından dünyanın ən mühüm bölgələrindən biri olaraq qalmağa davam etdiyi müddətcə, qalıcı sülh təmin olunmasa, böhran davam edəcək".