- “Sofulu, Barxudarlı və Yuxarı Əskiparanın məsələsi konkret həllini tapmalıdır”
- “Kərki ilə bağlı fərqli fikirlər sərhəd məsələsində yanaşma ayrılığını göstərir”
Azərbaycan və Ermənistan arasında sülh prosesi dörd əsas istiqamət üzrə davam edir.Bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Mərkəzi Asiya–Monqolustan–Qafqaz–Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionun geosiyasi mənzərəsi əsaslı şəkildə dəyişib və hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesi davam edir: “Bizim dörd istiqamətimiz var. Birincisi sülh müqaviləsi, ikincisi delimitasiya, üçüncüsü nəqliyyat bağlantıları, dördüncüsü isə vətəndaş cəmiyyətləri arasında əlaqələrdir”. Onun sözlərinə görə, son dövrdə, o cümlədən mədəni irslə bağlı müəyyən çətinliklər yaransa da, ümumilikdə müsbət dinamika qorunub saxlanılır. F. Şəfiyev Cənubi Qafqazda dayanıqlı sülhün Gürcüstan olmadan qurulmasının mümkün olmadığını da vurğulayıb. Onun fikrincə, regionun üç ölkəsinin siyasi və iqtisadi əməkdaşlıq üçün ortaq platforma formalaşdırması vacibdir. O, regionun inkişafına təsir edən digər mühüm amillər sırasında Orta Dəhlizi, enerji və inteqrasiya proseslərini də qeyd edib. Şəfiyev enerji əməkdaşlığının yalnız ənənəvi neft və qazla məhdudlaşmadığını, alternativ enerjinin də bu istiqamətdə əhəmiyyət daşıdığını bildirib.
Maraqlıdır, bu dörd istiqamətin hansında real irəliləyiş var, hansında isə proses ləngiyir və bunun əsas səbəbi nədir?
Azad Vətən Partiyasının sədri Akif Nağı Sherg.az-a bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində müəyyən müsbət irəliləyişlər müşahidə olunsa da, prosesin tam yekunlaşması üçün siyasi razılaşmaların konkret praktiki nəticələrlə tamamlanması vacibdir.
Onun sözlərinə görə, hazırda prosesin əsas istiqamətlərindən biri sülh müqaviləsinin yekunlaşdırılmasıdır: “Lakin Ermənistan rəhbərliyinin delimitasiya və sülh prosesi ilə bağlı yanaşması prosesin uzanmasına səbəb ola bilər. Ermənistan tərəfi bir tərəfdən sülhdən, digər tərəfdən delimitasiya və demarkasiyadan danışır, lakin prosesin konkret nəticəyə çatdırılması üçün aydın vaxt çərçivəsi müəyyənləşdirmir. Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası zamanı Qazax istiqamətində yerləşən Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin məsələsi də konkret həllini tapmalıdır. Kərki ilə bağlı Ermənistan daxilində səsləndirilən müxtəlif fikirlər isə sərhəd və ərazi məsələlərinə münasibətdə fərqli yanaşmaların mövcudluğunu göstərir. Bu məsələlərlə yanaşı, nəqliyyat bağlantılarının açılması da sülh prosesinin mühüm istiqamətlərindən biridir. Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi, nəqliyyat və logistika əlaqələrinin qurulması mümkündür. Lakin bunun üçün ilk növbədə sərhəd və ərazi məsələləri, eləcə də konstitusion müddəalarla bağlı mübahisəli məqamlar həll edilməlidir”.
A.Nağı vətəndaş cəmiyyətləri arasında əlaqələrin də normallaşma prosesinin tərkib hissəsi olduğunu bildirib. Onun fikrincə, bu istiqamətdə də qarşılıqlı etimadın formalaşdırılması vacibdir, lakin siyasi və hüquqi məsələlər həll edilmədən bu əlaqələrin genişləndirilməsi məhdud nəticə verə bilər: “Azərbaycan tərəfi delimitasiya, sülh müqaviləsi, nəqliyyat bağlantıları və digər prinsipial məsələlər üzrə konkret mövqeyini ortaya qoymalı və onların icrası üçün aydın çərçivə müəyyənləşdirməlidir. Lakin bunun üçün ilk növbədə sərhədlə, ərazi məsələləri və konstitusion müddəalarla bağlı mübahisəli məsələlər həll edilməlidir. Bundan sonra da münasibətlərin normallaşması prosesi ehtiyatlı və mərhələli şəkildə aparılmalıdır.