Hitlerin Bavariyadakı sığınacağında yanğın baş verib: Bir nəfər saxlanılıb

Almaniyanın Bavariya Alplərində Adolf Hitler üçün inşa edilən və “Qartal yuvası” kimi tanınan tarixi binada yanğın baş verib. Hadisə ilə əlaqəli olduğundan şübhələnilən 33 yaşlı kişi saxlanılıb.

Sherg.az xəbər verir ki, yanğın cümə günü saat 21:15 radələrində Berxtesqaden bölgəsində qeydə alınıb. Güclü külək və qar səbəbindən yanğınsöndürənlər hadisəyə müdaxilə etməkdə çətinlik çəkiblər. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Prokurorluğun məlumatına görə, saxlanılan Almaniya vətəndaşı dindirilib və psixiatriya müəssisəsinə göndərilməsi nəzərdə tutulur. Bununla yanaşı, binanın tarixi əhəmiyyəti nəzərə alınaraq hadisənin siyasi motivlərlə bağlı olub-olmadığı da araşdırılır. Polis hadisədə başqa şəxslərin iştirakına dair hələlik sübut olmadığını bildirib.

Dəniz səviyyəsindən 1834 metr yüksəklikdə yerləşən “Qartal yuvası” 1952-ci ildən kafe və restoran kimi fəaliyyət göstərir. Bavariya rəsmiləri yanğından sonra tarixi binanın bərpa ediləcəyini açıqlayıblar.