“Mövcud vəziyyətin əsas məsuliyyəti ABŞ və İsrailin üzərinə düşür”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai BMT Baş katibi Antonio Quterreşin beynəlxalq hüquqa hörmət olunmaması ilə bağlı son açıqlamalarına münasibət bildirərkən deyib.
“Niyə soyqırımı və hərbi cinayət törədənlərin tam cəzasız qalmasına şərait yaradanları açıq şəkildə qınamaqdan çəkinirsiniz?”, - Bəqai Quterreşə sual ünvanlayıb.
XİN sözçüsü Baş katibin cəzasızlığın genişlənməsi və hərbi həll yollarına üstünlük verilməsi ilə bağlı fikirlərinə toxunaraq, əsas məsul tərəflərin adlarını çəkməməsini tənqid edib.
Bəqai vurğulayıb ki, bu tendensiya davam edər və BMT tərəfindən ciddi addımlar atılmazsa, təşkilat vaxtilə fəaliyyətini uğursuzluqla başa vuran Millətlər Liqasının taleyi ilə üzləşə bilər.