İrandan Hörmüz boğazı ilə bağlı yeni mexanizm

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Ebrahim Azizi X sosial media platformasındakı paylaşımında parlamentin Hörmüz boğazından keçidlərlə bağlı hazırladığı mexanizm haqqında məlumat verib.

Azizi bildirib ki, yaxın vaxtlarda açıqlanacaq mexanizm “İranın milli suverenliyinin və beynəlxalq ticarət təhlükəsizliyinin təmin olunması çərçivəsində hazırlanıb”.

O qeyd edib ki, Hörmüz boğazındakı keçidlər müəyyən edilmiş marşrut üzrə həyata keçiriləcək.

“Bu prosesdən yalnız ticarət gəmiləri və İranla əməkdaşlıq edən tərəflər faydalana biləcək. Bu mexanizm çərçivəsində təqdim olunan ixtisaslaşmış xidmətlər üçün müvafiq ödənişlər alınacaq”, - deyə Azizi vurğulayıb.

Azizi ABŞ-nin Hörmüz boğazında ilişib qalan gəmilərin keçidini təmin etməyi hədəflədiyini iddia etdiyi “Azadlıq Layihəsi” adlı əməliyyata da toxunaraq bildirib:

“Bu marşrut qondarma ‘azadlıq layihəsi’ operatorları üçün bağlı qalacaq.”

ABŞ və İsrailin 28 fevral tarixində İrana hücumları ilə başlayan müharibə zamanı İran Hörmüz boğazını bağlamış, “icazəsiz” keçməyə çalışan gəmiləri raket və dronlarla vurmuşdu.

İran rəsmiləri müharibədən sonra parlamentdə Hörmüz boğazından “təhlükəsiz keçid” haqqının alınmasını nəzərdə tutan qanun layihəsinin hazırlandığını açıqlamışdılar.

İranın ali rəhbəri Müctəba Xamnei isə ölkəsinin Hörmüz boğazında “yeni idarəetmə planı” tətbiq edəcəyini bəyan etmişdi.