İsrail mətbuatı: Türkiyə bir il ərzində NATO-da əsas təsir gücünə çevrilə bilər

İsrailin "Ynet" nəşrində dərc olunan təhlildə Türkiyənin müdafiə sənayesi, hərbi potensialı və regional diplomatiyadakı artan rolunun İsrail tərəfindən diqqətlə izlənildiyi bildirilib.

Sherg.az xəbər verir ki, məqalədə Türkiyənin artıq İsrail üçün sadəcə diplomatik çağırış deyil, strateji təhdid kimi qiymətləndirildiyi vurğulanıb. Təhlil müəllifləri Prezident Rəcəb Tayyib Ərdoğanın regional təsir imkanlarını genişləndirdiyini, Suriyadakı mövqelərini gücləndirdiyini və Qətər ilə əməkdaşlığı dərinləşdirdiyini qeyd ediblər.

Nəşr həmçinin Türkiyənin NATO daxilindəki mövqeyinə diqqət çəkərək bildirib ki, alyansın ən güclü ordularından birinə sahib olan Ankara müdafiə sənayesi və pilotsuz uçuş aparatları sahəsindəki üstünlükləri sayəsində yaxın bir il ərzində NATO-nun müdaxilə potensialını formalaşdıran əsas aktorlardan birinə çevrilə bilər.

"Ynet"-də yayımlanan təhlildə iyul ayında Türkiyədə keçiriləcək NATO sammitinə də toxunularaq, Ankaranın alyansın kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin tətbiqinə dair yeni yanaşmalar irəli sürə biləcəyi ilə bağlı ehtimallar səsləndirilib.