Şimali Koreya lideri Kim Çen Inin səhhətində ciddi problemlər yarandığı barədə iddialar yayılıb.
Sherg.az xəbər verir ki, bəzi xarici media orqanlarında Kim Çen Inin beyin qanaması keçirdiyi, komaya düşdüyü və müalicə üçün Çinə aparıldığı iddia olunur. Lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və onların doğruluğunu təsdiqləyən müstəqil sübutlar yoxdur.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin sentyabrın 30-da açıqladığı qiymətləndirməyə görə, Kim Çen Inın çəkisi 140 kiloqramdan çoxdur və siqaret istifadəsi onun ürək-damar xəstəlikləri riskini artırır. Bununla belə, qurum onun fiziki fəaliyyətində ciddi çətinliklərin müşahidə olunmadığını bildirib.
Şimali Koreya və Çin hakimiyyətləri liderin komaya düşməsi və Çinə aparılması barədə iddiaları təsdiqləməyib. Buna görə də onun səhhətinin hazırkı vəziyyəti ilə bağlı yayılan məlumatlara ehtiyatla yanaşmaq lazımdır.