KİV: İtaliya İspaniya ilə Şengen rejimini dayandırır

İtaliya muxtar Seuta şəhərinə miqrant axınının kəskin artması fonunda İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini müvəqqəti dayandırır. Qərar sərhədlərə nəzarətlə bağlı narahatlıqlar səbəbindən qəbul edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "La Stampa" qəzeti məlumat yayıb.

"İtaliya Daxili İşlər Nazirliyi İspaniya ilə dəniz və hava sərhədlərinin bağlanması barədə göstəriş verib. Qərar, xüsusilə İmmiqrasiya və Sərhəd Təhlükəsizliyi Komitəsi tərəfindən təhlil edilən son məlumatlar əsasında qəbul olunub", - materialda qeyd edilib.

Qəzet, həmçinin bildirib ki, İtaliyanın daxili işlər naziri Matteo Pyantedozi ilə fransalı həmkarı Loran Nünes arasında telefon danışığından sonra iki ölkə arasında daha əvvəl imzalanmış polis əməkdaşlığı sazişləri çərçivəsində Fransa-İtaliya quru sərhədində nəzarətin gücləndirilməsi imkanları barədə razılıq əldə olunub.

Xatırladaq ki, italiyanın Baş naziri Corcia Meloni iyulun 31-də qanunsuz miqrantların sayının kəskin artması fonunda İspaniya ilə Şengen sazişinin fəaliyyətinin dayandırılması imkanını nəzərdən keçirdiyini açıqlamışdı. Bu təşəbbüs Finlandiyada dəstək tapıb. Danimarka isə Avropa İttifaqını İspaniyanın Şengen zonasındakı iştirakının dayandırılması məsələsinə baxmağa çağırıb.