Yunanıstanın Ukraynaya “Patriot” zenit-raket kompleksləri üçün raketlərin verilməsi məsələsində Kiyevə şərt qoyduğu iddia edilir.
Sherg.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Ruslan Qorbenko “Strana.ua”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Afina raketlərin Ukraynaya verilməsi müqabilində Rusiya limanlarında Yunanıstan tankerlərinə hücumların dayandırılacağına dair zəmanət tələb edib. Kiyev isə bu şərti qəti şəkildə rədd edib.
“Bizə şərt qoymayacaqlar. Ya onları verirsiniz, ya da utilizasiya edin, ehtiyat hissələrinə ayırın, onlardan kulon düzəldib boynunuzdan asın”, -Qorbenko deyib.
Məqalədə qeyd olunur ki, Ukrayna “Patriot” raketlərinin ciddi çatışmazlığı ilə üzləşdiyini bildirir. Həmçinin ölkədə F-16 qırıcıları üçün “hava-hava” tipli raketlərin və “Patriot” sistemləri üçün raketlərin ehtiyatlarının tükəndiyi iddia edilir.