Fransanın Kiçik-Kövili (Petit-Quevilly) krematoriyası enerji qənaəti və iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində maraqlı və innovativ həll tətbiq edir.
AZƏRTAC xəbər verir ki, burada kremasiya (vəfat etmiş şəxsin cəsədinin 70-80 dəqiqə müddətində 900-1.200 dərəcəlik temperaturda yandırılması) prosesi zamanı yaranan istilik itirilmədən şəhərin istilik şəbəkəsinə ötürülür və yaşayış binalarının, eləcə də bələdiyyə obyektlərinin qızdırılmasında istifadə olunur.
Layihənin məqsədi istifadə olunan enerjinin səmərəli şəkildə dəyərləndirilməsidir. Şəhər meri Şarlotta Qujonun sözlərinə görə, bina üçün sərf olunan enerjinin boşa getməməsi başlıca məqsəddir. Beş ildən artıqdır fəaliyyət göstərən sistem sayəsində bu gün krematoriyanın istiliyi təxminən 100 mənzilin qızdırılmasını təmin edir.
Layihə 2018-ci ildə, Ruan krematoriyasının həddindən artıq yüklənməsi fonunda formalaşıb. Yeni krematoriya müasir istilik izolyasiyası ilə təchiz edilib və əlavə olaraq, 1970-ci illərdən fəaliyyət göstərən şəhər istilik şəbəkəsinə qoşulub. Texniki baxımdan sistem kremasiya zamanı qazla yaradılan istiliyin bir hissəsini bərpa edərək şəhər şəbəkəsinə ötürür. Bu təşəbbüs əvvəlcə etik və ictimai müzakirələrə səbəb olsa da, zamanla sakinlər tərəfindən müsbət qarşılanıb. Layihəyə təxminən 100 min avro sərmayə qoyulub və bu investisiya istilik şəbəkəsinə qoşulan abonentlər hesabına tədricən geri qaytarılır. Nəticədə, enerji qiymətlərinin artdığı bir dövrdə sakinlərin istilik xərcləri sabit qalıb.
Mütəxəssislər bu cür istilik şəbəkələrinin şəhərlərdə karbon emissiyalarının azaldılması baxımından əhəmiyyətli olduğunu bildirir və mövcud enerji mənbələrinin daha səmərəli istifadəsini gələcək üçün vacib istiqamət kimi qiymətləndirirlər.