Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb.
Axşam.az xəbər verir ki, bu barədə “RadarOnline” nəşri məlumat yayıb.
London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmək üçün kifayət etməyə bilər. London polisi komissarı Mark Rouli bildirib ki, Sasseks hersoqu və hersoginyasına dövlət hesabına mühafizənin verilməsi məsələsi xüsusi hökumət komitəsi tərəfindən nəzərdən keçirilir. Komitənin tərkibinə polis, xüsusi xidmət orqanları və digər qurumların nümayəndələri daxildir.
Roulın sözlərinə görə, Böyük Britaniyada yalnız bir neçə onlarla şəxsin bu səviyyədə dövlət mühafizəsinə ehtiyacı var. Harri və Meqanın təhlükəsizliyi ilə bağlı məsələ isə hələ də araşdırılır.
Təhlükəsizlik üzrə mütəxəssis, kral ailəsinin üzvlərinin, diplomatların və hərbçilərin mühafizəsində 30 illik təcrübəyə malik keçmiş zabit Riçard Eyç də məsələ ilə bağlı fikirlərini bölüşüb.
O, özəl mühafizə şirkətlərinin hersoq və hersoginyanı lazımi səviyyədə qorumaq imkanlarını şübhə altına alıb. Mütəxəssisin sözlərinə görə, şəxsi mühafizəçilər polis bölmələrinin malik olduğu kəşfiyyat məlumatlarına, hüquqi səlahiyyətlərə və əməliyyat resurslarına çıxış əldə edə bilmirlər.
Eyç xəbərdarlıq edib ki, hazırlıq, resurslar və əməliyyat planlaşdırılması ilə bağlı çatışmazlıqlar cütlüyün təhlükəsizliyi üçün ciddi risk yarada bilər.