Macarıstanın Baş naziri Péter Madyar ölkənin keçmiş hökumətini miqrasiya siyasəti ilə bağlı seçiciləri aldatmaqda ittiham edib.
Sherg.az xəbər verir ki, Baş nazir bu bəyanatı fövqəladə mətbuat konfransında səsləndirib. O, əvvəlcədən “keçmiş hakimiyyətin ən böyük yalanını” açıqlayacağını bildirmişdi.
Madyarın sözlərinə görə, sabiq Baş nazir Viktor Orban ictimaiyyət qarşısında Avropa İttifaqının miqrasiya paktını qəbul etməyəcəklərini desə də, əslində hökumət gizli şəkildə ölkəyə yüz minlərlə miqrantın qəbuluna hazırlıq görüb.
O iddia edib ki, Macarıstan Avropa İttifaqının miqrasiya siyasətinə əməl etmədiyi üçün təxminən 1 milyard avro məbləğində kompensasiya ödəməli olacaq.
Baş nazir həmçinin bildirib ki, əvvəlki hökumət Avstriya sərhədinə yaxın Vityned bölgəsində 500 nəfərlik qaçqın düşərgəsi tikməyi planlaşdırıb və bunun üçün büdcədən təxminən 5 milyard forint (təqribən 13,5 milyon dollar) ayrılıb.
Onun sözlərinə görə, bu planlar miqrasiya böhranını siyasi məqsədlərlə dərinləşdirmək üçün hazırlanıb. Madyar iddia edib ki, hökumət qapalı iclaslarda bu tranzit zonadan Brüsseli “təzyiq altında saxlamaq” və Avstriya ilə münasibətlərdə üstünlük qazanmaq üçün istifadə etməyi müzakirə edib.
O, hökumət iclasının 21 avqust 2024-cü il tarixli protokolundan sitat gətirərək bildirib: “2026-cı ilə qədər miqrasiya ilə bağlı siyasi qarşıdurma gücləndirilməlidir”.
Madyar əlavə edib ki, “FİDESZ partiyasının qurultayı mənasını itirib, çünki əvvəlki hökumətin siyasətçiləri hamını aldadıblar. Onların gələn həftə parlamentə gəlməsinə ehtiyac yoxdur”.
O, həmçinin xəbərdarlıq edib ki, bu prosesdə iştirak edən şəxslər gələcəkdə cinayət məsuliyyəti ilə üzləşə bilər.
Qeyd edək ki, daha əvvəl beynəlxalq media orqanı "Politico" Orban hökumətinin bəzi üzvlərinin Avropa İttifaqı vəsaitlərinin mənimsənilməsi ilə bağlı mühakimə oluna biləcəyini yazmışdı.