Makronun ikinci turda qalib gəlməsi şansı böyükdür

Artıq Avropa məkanında da xanım Marin Le Penin məğlub olması arzulanır

Ekspertlər hesab edir ki, bu seçkilər həm də erməni diasporunun gücünün zəifləməsinə gətirib çıxaracaq
 
   Fransada prezident seçkilərinin birinci turunun ilkin rəsmi nəticələri açıqlanıb. Nəticələrə görə, Prezident Emmanuel Makron ilk turdan sonra seçicilərin 27,6 faiz səsini qazanıb. İkinci yerdə 23,41 faiz səslə Marin Le Pen qərarlaşıb. Fransanın sağ mərkəzçi “Respublikaçılar Partiyası”ndan prezidentliyə namizədi Valeri Pekress seçkidə məğlub olduğunu etiraf edib. Pekress seçkilərin ilk turunda 5,1 faiz səslə beşinci olub.

O, seçkilərin ikinci turunda tərəfdarlarını Makrona səs verməyə çağırıb. Fransızlar dövlət başçısını beş il müddətinə seçirlər. Namizədlərdən heç biri birinci turda mütləq səs çoxluğu əldə etmədikdə, ikinci tur keçirilir. Seçkinin ikinci tur aprelin 24-nə planlaşdırılıb. Digər namizədlərin ilk turda məğlub olmaları növbəti turun iki namizəd - Makron-Li Pen arasında baş tutacağını, kəskin mübarizənin aparılacağı təsəvvürünü yaratmaqdadır. Fransa daha çox ermənipərəst mövqe nümayiş etdirir. Ona görə də kimin qalib olacağından asılı olmayaraq, sonrakı proseslərin hansı istiqamətdə cərəyan edəcəyi bəzi sualları doğurur. Xatırladaq ki, məhz Makronun prezidentliyi dövründə Fransa Türkiyə ilə sərt rəqabətə, hətta diplomatik konfrontasiyaya getdi. 

Buna səbəb Liviya, Qarabağ və Aralıq dənizi kimi məsələlər idi. Siyasi-diplomatik rəqabətlər nəticəsində fransız-türk münasibətləri daha da pisləşdi. Maraqlısı odur ki, Makronun prezidentliyinin sonlarına yaxın iki ölkə arasında müəyyən istiləşmələr başlanıldı. Bu, Ukrayna olayları ilə bağlıdır. Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması Ankaranın vasitəçi qismində öz fəaliyyətini təklif etməsi Parisi də bu addımı atmağa vadar etdi. Nəticədə Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron Ukraynanın Mariupol şəhərində humanitar böhranla bağlı çətin vəziyyətdə qalmış dinc əhalinin təhlükəsiz yerlərə çıxarılmaları barədə razılaşmalar əldə etdilər. Ancaq bu razılaşmanın da əldə edilməsində Makronun deyil, məhz Ərdoğanın nüfuzu rol oynadı. 

Bu baxımdan əgər Makron öz prezidentlik kürsüsünü mühafizə edə bilsə onun yeni prezidentliyi dövründə Fransa-Türkiyə münasibətlərində yeni səhifə açıla bilər. O cümlədən, Parisin açıq ermənipərəst çıxışları da dondurular. Təbii ki, belə olan halda Azərbaycanın da səmərə alacağını demək mümkündür. Makronun rəqibi, sağçı Le Pen antitürk və antiislam ritorikaları ilə yadda qalıb. Xanım namizədin prezident seçiləcəyi təqdirdə fransız-türk, o cümlədən Paris-Bakı münasibətləri paradiqma dəyişikliyinə məruz qala bilər. Artıq Avropa məkanında da bu qadının seçkilərdə məğlub olması arzulanır və Makronun qalib gələcəyinə ümidlər bəslənir. O, dəfələrlə çıxışlarında bildirib ki, Türkiyənin Avropa İttifaqına üzvlüyünə qarışıdır, hətta Ankaranın NATO üzvü olmasına da mənfi baxır. Bundan əlavə Le Pen dəfələrlə Fransada iri diaspora malik olan türk icmalarına qarşı aqressiv çağırışları ilə yadda qalıb. Beləliklə, indiki halda Le Penin deyil, məhz Makronun seçkilərin ikinci turunda qalib gəlməsi həm Türkiyə üçün, həm də region üçün maraqlıdır. 
Seçkinin nəticələri arasında ən maraqlı detal Azərbaycana hücum edən Pekressin cəmi 5 faiz səs toplamasıdır. Xanım namizədi gizli şəkildə Xankəndinə səfər etmək, separatçı-terrorçu rejimə dəstək vermək, seçki kampaniyasını fransızlardan daha çox ermənilərin maraqları üzərində qurmaq xilas etmədi.

Fransadakı seçkilərin ilk turunu “Şərq”ə dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Makronun reytinqinə təsir edən, Le Pen daxil olmaqla radikal sağçıların geri düşməsinə səbəb olan əsas amillərdən biri Ukrayna müharibəsi və Rusiyanın Avropaya təhlükəsi oldu. Analitikə görə, eyni səbəb ikinci turda da Makronun seçiləcəyi ehtimalını gücləndirir. Xüsusilə Le Penin “prezident seçilsəm, NATO-dan çıxacağıq” sözləri bu nəticəyə təsir edə bilər: 

“Azərbaycanın maraqları baxımından dəyişən ciddi heç nə yoxdur. Namizədlərin hamısı erməni maraqlarına xüsusi önəm verirlər. Erik Zemmur Ermənistana, Valeri Pekress Xankəndinə səfər etmişdi. İkinci turda yarışacaq Le Pen “miatsumu” - “Qarabağın Ermənistana birləşdirilməsi” ideyasını dəstəkləyənlərdəndir. Amma Fransada seçki kampaniyasının ötən seçkilərlə müqayisədə daha çox erməni kartı üzərində qurulması namizədlərin, xüsusilə Pekressin yanlışı idi. Çünki ölkədə sosial-iqtisadi problemlər var. Pandemiyadan sonra həm işsizlik, həm də vaksinasiyaya görə narazılıq artıb. Bu situasiya fonunda gözlənilən idi ki, namizədlər kampaniyanı daxili problemlər üzərində quracaqlar. Lakin erməni məsələsi ön plana çıxdı. Erik Zemmur və Valeri Pekress bu məsələyə xüsusi önəm verirdilər və görünür, erməni icmasının səsi ilə seçkidə önə çıxacaqlarını düşünürdülər. Pekress isə Qarabağa qanunsuz gəlişi ilə bu məsələdə bir qədər də “önə keçmiş” kimi göründü. Lakin seçkinin nəticələri erməni kartının işləmədiyini göstərdi. Deməli, fransalı seçicilər üçün vacib olan daxili problemlərdir”. 

A.Nərimanlıya görə, seçkilər erməni diasporunun gücünün zəifləməsinə gətirib çıxaracaq: 

“İkinci turda da qalib gələcəyi ehtimal edilən Makronun erməni mövqeyindən çıxış etdiyi bəllidir. Lakin dəyişən məqam odur ki, Fransa Avropa İttifaqının siyasi xəttinə uyğun davranmağa məcbur olacaq. Bu həm Fransanın Avropada güc olmaq istəyindən irəli gəlir, həm də bu ölkə Aİ-yə sədrlik edir. Avropa İttifaqının siyasi xətti isə Azərbaycan-Ermənistan münasibətlərində müəyyən qədər də olsa balans qorumağı tələb edir. Aİ-nin Cənubi Qafqazda siyasi-iqtisadi maraqları, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın həm siyasi, həm enerji faktoru üzərindən əhəmiyyətinin artması, həm də Minsk qrupunun arxa plana keçməsi rəsmi Brüsselin balans qorumasını şərtləndirən amillərdəndir. Bu da Fransanı erməni maraqlarını ön planda görməsi siyasətini dəyişdirə bilər”.