“Avropa İttifaqı (Aİ) Ermənistan məhsullarına tətbiq olunacaq güzəştlərin çox yaxın zamanda qüvvəyə minəcəyini gözləyir”.
Teleqraf xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos deyib.
“Avropa İttifaqı-Ermənistan münasibətləri heç vaxt indiki qədər yaxın olmayıb və Avropa qurumları bu münasibətləri daha da konkret və hissolunan etmək üzərində işləyir. Rusiyanın Ermənistana ixracla bağlı tətbiq etdiyi bəzi çox sərt, məcburedici tədbirlərdən sonra Aİ ticarətə dəstəyini artırıb”, - Aİ səfiri Brüsselin Ermənistan məhsullarının Aİ bazarına gömrük rüsumları olmadan daxil olmasına imkan verəcək ticarət güzəştlərini vurğulayıb.
Söhbət Aİ-nin yeni ticarət güzəştlərindən gedir. Bu güzəştlər çərçivəsində bir neçə növ Ermənistan məhsulu Avropa bazarına gömrük rüsumu ödəmədən ixrac edilə biləcək. Brüssel bu güzəştləri Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər fonunda Ermənistanın ixracatçılarına yeni bazarlar tapmaqda kömək etmək məqsədilə təklif edib.
Güzəştli rejimin iki il qüvvədə olması nəzərdə tutulur.