Meloni: Trampla mübahisəni qızışdırmaq niyyətim yoxdur

İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ Prezidenti Donald Trampla son mübahisəni qızışdırmaq niyyətində olmadığını bildirib.

Teleqraf xəbər verir ki, Romada "La Verita" qəzetinin təşkil etdiyi tədbirdə iştirak edən və baş redaktor Maurizio Belpietronun suallarını cavablandıran Meloni bir çox məsələyə münasibət bildirib.

Meloni Trampın onun haqqında səsləndirdiyi "mənimlə şəkil çəkdirmək üçün yalvarırdı" ifadə ilə bağlı mövqeyini bir daha ifadə edib:

"Müxtəlif şərhlər oxumuşam. Bəziləri sərt və qətiyyətli görünən mövqeyimin diqqəti sosial mediada yayılan videolardan və ya İranla danışıqların gedişatından yayındırmaq məqsədi daşıdığını yazıblar. Demişəm və təkrar edirəm ki, bu müzakirəni daha da qızışdırmaq niyyətim yoxdur. Düşünürəm ki, ABŞ ilə ikitərəfli işimiz normal vəziyyətə qayıtmalıdır. Mən bunu dünən Nazirlər Kabinetinin iclasında, xüsusən də qarşıdan gələn bəzi tədbirlərlə bağlı qeyd etdim".

Melonu müavini və xarici işlər naziri Antonio Tajaninin ABŞ səfərindən imtinasına da toxunub: "Düşünürəm ki, nazir Tajaninin ABŞ-yə səfərini ləğv etmək qərarı güclü bir mesaj göndərmək üçün doğru idi. Lakin mesaj çatdırıldıqdan sonra daha irəli getməyə ehtiyac yoxdur. Biz hökumət olaraq Villa Tavernada (ABŞ-nin Romadakı səfirinin iqamətgahı) keçiriləcək tədbirdə iştirak edəcəyik. İtaliyanın xarici siyasəti son 80 ildə izlədiyi kurs üzrə davam edəcək"..