NATO Avropada nüvə çəkindirmə imkanlarının genişləndirilməsi ilə bağlı planlar hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Nəzərdən keçirilən variantlardan biri ABŞ-yə məxsus əlavə nüvə silahlarının yerləşdirilməsidir. Ekspertlər hesab edirlər ki, ABŞ artıq B61-12 tipli nüvə bombalarını Böyük Britaniyadakı Leykenhit aviabazasında yerləşdirə bilər. Təhlükəsizlik sahəsində vəziyyət daha da gərginləşəcəyi təqdirdə Polşa, Finlandiya və Litva da mümkün yerləşdirmə məntəqələri kimi nəzərdən keçirilir.
Planlaşdırma ilk növbədə qeyri-strateji nüvə silahlarına aiddir. Strateji nüvə silahları ilə müqayisədə onların partlayış gücü adətən daha az olur və əsasən döyüş təyyarələri, qısamənzilli raketlər və ya qanadlı raketlər vasitəsilə hədəfə çatdırılır. Alyansın yeni plan üzərində işləməsinə əsas kimi Rusiyadan qaynaqlanan təhdidlər göstərilir.
Almaniya, Belçika, İtaliya, Niderland və Türkiyədə yerləşən altı hərbi hava bazasında təxminən 100 ədəd ABŞ istehsalı B61-12 bombasının olduğu deyilir.
ABŞ-nin nüvə silahları üzrə eksperti Robert Piters qeyd edib ki, yaxın 24 ay ərzində Amerikanın Avropada nüvə çəkindirmə imkanlarını gücləndirəcəyinə nikbin yanaşır. O hesab edir ki, bununla ABŞ Prezidenti Donald Tramp Rusiya ilə açıq müharibə ehtimalını azalda bilər. O, əlavə olaraq Avropada 100-150 ədəd qeyri-strateji nüvə silahının, o cümlədən Polşa və Finlandiyada yerləşdirilməsini məqsədəuyğun hesab edir. Piters iddia edib ki, Rusiya qeyri-strateji nüvə silahları sahəsində on dəfədən çox üstünlüyə malikdir.
Alyansdakı mənbələrin məlumatına görə, NATO-nun çəkindirmə imkanlarının genişləndirilməsi ilə bağlı mümkün qərarların ictimaiyyətə açıqlanıb-açıqlanmayacağı və açıqlanacağı təqdirdə bunun hansı formada ediləcəyi hələ məlum deyil. DPA vurğulayır ki, variantlardan biri Rusiyanı konkret atılacaq addımlar barədə məlumatsız saxlamaqdır. Bu, indiyədək tətbiq olunan praktikaya uyğun olardı. NATO və ABŞ hökuməti Amerikanın nüvə silahlarının Avropada yerləşdirildiyini təsdiqləsə də, onların dəqiq sayı və yerləşdiyi bütün məntəqələrin siyahısı məxfi saxlanılır.