İranın Türkiyə ilə Azərbaycana dron və raketlərlə hücum etməsi, qonşu ölkələrin də ona olan etimadını sarsıtdı
Bu müharibə ən çox Rusiya ilə Çinə xeyir verir
İran, ABŞ və İsrail arasında fevralın 28-dən başlayan müharibə, 24-cü gününə qədəm qoyub. İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, ABŞ və İsrailin hücumları nəticəsində ölkədə 81.000-dən çox mülki infrastruktur ziyan görüb. Buna baxmayaraq, İran ordusu regiondakı ABŞ və İsrail hərbi bazalarını bombalamağa davam edir. İsrailin hava hücumundan müdafiə sistemi (Dəmir Qübbə) artıq İranın raket zərbələrinə tab gətirə bilmir. Ötən gün İranın Arad şəhərinə endirdiyi raket hücumu, 80-dən çox mülki şəxsin ölümünə səbəb olub. İsrailin Baş naziri Benyamin Netanyahunun dünya liderlərini İrana qarşı müharibəyə qoşulmağa çağırması vəziyyətin ciddiliyindən xəbər verir. Tərəflər arasında müharibənin qonşu və regional ölkələrə təsiri, İrana qarşı yeni cəbhələrin açılmasına dair şübhələri artırır. Bir tərəfdə ərəb və müsəlman ölkələri İranın hücumlarını pisləyərək, onun qarşısına konkret tələblər qoyublar. Digər tərəfdə isə NATO-nun 22 üzv ölkəsinin Hörmüz boğazında sərbəst gəmiçiliyi təmin etmək məqsədilə hərbi qüvvələrini birləşdirməsi ehtimalı gündəmə gəlib. ABŞ prezidenti Donald Tramp, Hörmüz boğazının 48 saat ərzində açılmaması halında, İranın elektrik stansiyalarına zərbə endirəcəklərini açıqlayıb. İran Müdafiə Şurası isə cavab olaraq, Fars körfəzi və Hörmüz boğazı boyunca minalar yerləşdirəcəyini bildirib. Tərəflərin inadkar mövqeyi və digər ölkələrin İrana qarşı birləşmə ehtimalı müharibənin geniş ərazilərə yayılma riskini gücləndirir.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Sherg.az-a bildirib ki, regionda mülki obyektlərin bombalanması Körfəz ölkələrinin İrana qarşı narazılığını artırdı:

“Məhz buna görə 12 ərəb və müsəlman ölkəsi martın 19-da bir araya gələrək, bəyannamə qəbul etdilər. Toplantıda, hücuma məruz qalan ölkələr, Azərbaycan və Türkiyə də daxil olmaqla, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququna malik olduqlarını xatırladıblar. İranın Türkiyə ilə Azərbaycana dron və raketlərlə hücum etməsi, qonşu ölkələrin də ona olan etimadını sarsıtdı. Məqsəd isə Azərbaycanla Türkiyəni müharibəyə cəlb etmək idi. Təxribatlara rəğmən, qardaş ölkələr silahlı əməliyyat əvəzinə, diplomatik yolla məsələləri həll etməyə üstünlük verdilər. Azərbaycan və Türkiyənin müharibəyə qoşulması İsrailin işinə daha çox yarayardı. Amerika coğrafi baxımdan uzaqda yerləşdiyinə görə, İranın onu vurmağa gücü çatmır. Buna görə də, rəsmi Tehran müdafiə xəttini təmin etmək məqsədilə ABŞ-nin Körfəz ölkələrindəki hərbi bazalarını vurmağa davam edir”.
Politoloqun sözlərinə görə, hazırkı şəraitdə ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin arealının genişləndiyini müşahidə edirik:
“Münaqişə artıq İran-ABŞ-İsrail qarşıdurmasının sərhədlərini aşaraq, qlobal iqtisadi sistemin çöküşünə, yanacağın qiymətlərinin yüksəlməsinə səbəb olur. Amerika daxilində qiymətlərin artması ilə bağlı ciddi narazılıq var. ABŞ-nin İrana qarşı müharibəni davam etdirməsi fonunda, administrasiyada yüksək rütbəli hərbçilər, o cümlədən, Milli Antiterror Mərkəzinin direktoru Co Kent istefa verib. Onların bir çoxu İranın ABŞ üçün birbaşa təhlükə yaratmadığını düşünürlər. ABŞ-nin İranın müdafiə xəttini yara bilməməsi, digər ölkələrə qarşı təxribatçı əməllərdə adının hallanması, ölkə daxilində artan narazılıq və qiymətlərin yüksəlməsi Trampın reytinqini aşağı saldı. İsrail isə İranda rejim dəyişmək üçün öz mövqeyindən geri çəkilmək niyyətində deyil. Hesab edirəm ki, bu mərhələdə rejim dəyişikliyinə nail ola bilməyəcəklər. Çünki İrandakı “molla rejimi” güclü siyasi-hərbi strukturlara söykənir. Ölkənin yeni ali rəhbəri Möctəba Xamnei, yaralı olduğuna görə üzə çıxmasa da, verdiyi sərəcamlarla SEPAH-a yol göstərir”.
E.Həsənov qeyd edib ki, müharibə yaxın zamanda Trampa göstərilən təzyiq fonunda dayandırılacaq:
“Digər tərəfdən isə, Yaxın Şərq ölkələrinin iqtisadi obyektlərinin vurulması, dünyada qlobal enerji çatışmazlığına gətirib çıxarıb. İsrailin, İranın Pars qaz yatağına zərbə endirməsi, əks effekt doğurdu. Rəsmi Tehran, cavabında Səudiyyə Ərəbistanın böyük qaz yatağını hədəf aldı. Proseslər qazın qiymətinin artmasına səbəb oldu. Müharibə yüksək gərginliklə davam edərsə, ABŞ-İran-İsrail ilə yanaşı, Körfəz ölkələri daxil olmaqla bütün Avropanı böhrana bürüyəcək. İsrail ordusu, isə İranın Xəzər hövzəsində əsas ticarət qapılarından biri olan Bəndər-Ənzəli limanını bombalayır. Hadisənin baş verməsinin əsas səbəbi Rusiyadan gəmilər vasitəsilə “Şahid” dronlarının gətirilməsidir. Bu müharibə ən çox Rusiya ilə Çinə xeyir verir. Çünki Hörmüz boğazındakı məhdudiyyət Rusiyanın neftinə tələbatı artırdı. Rəsmi Moskva neft satışından əldə etdiyi gəlirlərlə, Ukrayna müharibəsində strateji üstünlük əldə etməyi hədəfləyir. ABŞ-nin zəifləməsi isə Çinin maraqlarına uyğundur. Çünki gələcəkdə, əsas “qlobal döyüş” Çin ilə ABŞ arasında olacaq. ABŞ prezidenti Donald Tramp İranın hərbi potensialının zəiflədiyini desə də, Tehranın yeraltı raketlərinin sayı barədə dəqiq məlumata sahib deyil. Hələ də yüksək səviyyədə reaksiya göstərən İran ordusu, potensial baxımından zəif olmadığını ortaya qoyur”.