Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı son açıqlaması beynəlxalq gündəmdə geniş rezonans doğurub. O, “Rusiya-Ukrayna müharibəsi davam etsə, Üçüncü Dünya müharibəsinə çevrilə bilər” deyərək vəziyyətin təhlükəlilik səviyyəsini qabardıb. Tramp qeyd edib ki, “müharibənin dayanmasını çox istəyir və bütün səyləri buna yönəlib”. O, həmçinin vəziyyət nəzarətdən çıxmadığı müddətcə bunun ABŞ-ə elə də ciddi təsir göstərmədiyini vurğulayıb.
Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında Trampın açıqlamasının həm narahatlıq, həm də özünü əsas oyunçu kimi göstərmək cəhdi olduğunu söyləyib:

"Trampın “Müharibə üçüncü Dünya müharibəsinə çevrilə bilər” deməsi vəziyyətin nə qədər təhlükəli hal aldığını qabartmaq üçündür. Klassik Tramp üslubunda bunun “ABŞ-yə elə də təsir etmir” mesajını verir və özünü yeganə vasitəçi kimi təqdim edir. Müharibəni dayandırmaq istəyini vurğulaması həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə hesablanıb. “Rusiya və Ukrayna ilə anlaşmaya yaxınıq” deməsi Moskva və Kiyevə verilən psixoloji siqnaldır: “Mən gəlirəmsə, masa dəyişəcək”. Rusiya belə açıqlamalardan məmnun qalır. Çünki bu, Qərb içində parçalanma görüntüsü yaradır. Ukrayna üçün isə bu bəyanat həm ümid, həm də ciddi risk daşıyır. Trampın təklif edəcəyi razılaşma onların maraqlarına tam uyğun olmaya bilər".
Politoloq vurğulayıb ki, Trampın ritorikasının məqsədlərindən biri bütün proseslərin mərkəzində özünü göstərmək istəməsidir:
"Onun dilindəki dramatik çalarlar həm informasiya müharibəsi, həm də siyasi strategiyadır. “Dünya müharibəsi riski” kimi ifadələr qlobal gündəmi silkələyir. Bununla da Tramp özünün təsir gücünü artırmış olur. Reallıqda isə heç bir anlaşma “bir addımlıq məsafədə” deyil, çünki tərəflərin mövqeləri hələ çox uzaqdır. Müharibə uzandıqca risklər artır, amma sürətli sülh formulu hələ yaranmayıb. Trampın dedikləri fon yaradır, lakin nəticə hələ görünmür. Bu bəyanat sadəcə siyasi temperaturu qaldırır, real tabloyu dəyişmir".