Polşada Ukraynaya ayrılan vəsaitlərin taleyi yenidən gündəmə gəldi: “Pullarımız hara yoxa çıxıb?”

Polşanın sabiq baş naziri Leszek Miller Ukraynaya göstərilən maliyyə yardımının taleyi ilə bağlı sual qaldırıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Leszek Miller sosial şəbəkədəki paylaşımında Polşanın Kiyevə ayırdığı vəsaitlərin necə xərcləndiyinə dair şəffaflığın vacibliyini vurğulayıb.

“Biz nə vaxtsa Polşa pullarının başına nə gəldiyini öyrənəcəyikmi?” - deyə sabiq hökumət başçısı paylaşımında yazıb.

Qeyd edək ki, Ukraynaya ayrılan maliyyə vəsaitlərinin taleyi ilə bağlı müzakirələr ilk dəfə ABŞ Prezidenti Donald Tramp tərəfindən gündəmə gətirilmişdi. Tramp Kiyevə ayrıldığı iddia edilən yüz milyardlarla dollar yardımın necə istifadə olunduğuna dair suallar səsləndirmişdi.

Buna cavab olaraq Ukrayna Prezidenti Volodymir Zelenski həmin açıqlamaları şərh edərək, söhbətin hansı məbləğdən getdiyini anlamadığını bildirmişdi.

Eyni zamanda, Ukraynada korrupsiya ilə bağlı araşdırmalar davam edir. Məlumata görə, dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı bir sıra işlər üzrə istintaq aparılır və bu məsələ ölkə daxilində də geniş müzakirə olunur.