Putin İsrailin Baş naziri ilə telefon danışığı apardı

Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Liderlər Yaxın Şərqdəki durumu, o cümlədən ABŞ Prezidenti Donald Trampın təklif etdiyi Qəzzanın normallaşdırılması planı kontekstində baş verənləri müzakirə ediblər.

Putin Fələstin məsələsinin hərtərəfli həlli ilə bağlı Rusiyanın mövqeyini bir daha təsdiqləyib.

"Bundan başqa, digər regional məsələlər üzrə də fikir mübadiləsi aparılıb. Xüsusilə, İranın nüvə proqramı ətrafında vəziyyətin danışıqlar yolu ilə həllinin tapılmasına və Suriyada sabitliyin daha da artırılmasına maraq ifadə olunub" , - məlumatda deyilir.

Sentyabrın 30-da Tramp Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı hərbi əməliyyatların dayandırılması, israilli girovların azad edilməsi və Qəzza zolağında hakimiyyətin HƏMAS-dan keçid komitəsinə verilməsini əhatə edən 20 bəndlik planını təqdim edib.