Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ

Vaşinqton-Pekin yaxınlaşması Rusiyanı oyundankənar qoya bilər

ABŞ Prezidenti Donald Trumpin Çinə üçgünlük dövlət səfərini başa vuraraq Vaşinqtona qayıtması və dərhal ardından Rusiya Prezidenti Vladimir Putinin mayın 20-də Pekinə səfərinin gözlənilməsi beynəlxalq gündəmdə diqqətçəkən geosiyasi dinamika formalaşdırıb. Çin mediasının yaydığı məlumatlara görə, Trampın səfəri intensiv danışıqlarla müşayiət olunub və Pekin bu təmasların iki ölkə lideri arasında qarşılıqlı etimadı gücləndirdiyini vurğulayıb. Eyni zamanda Putinin də yaxın günlərdə Xi Jinping ilə görüşünün planlaşdırılması Pekinin qlobal diplomatiyada artan çəkisini və həm Vaşinqton, həm də Moskva üçün strateji mərkəzə çevrildiyini göstərir. ABŞ-Çin rəqabəti və Rusiya-Qərb qarşıdurmasının dərinləşdiyi bir dövrdə bu ardıcıl səfərlər Çinin dünya siyasətində balanslaşdırıcı və təsir gücü yüksək aktor kimi rolunu daha da ön plana çıxarır.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, ABŞ və Rusiya prezidentlərinin bir-birinin ardınca Çinə səfər etmələri rəsmi Pekinin beynəlxalq məkandakı strateji mövqeyi ilə bağlıdır:

“ Hazırda rəsmi Pekin qlobal məkanda ikiqütblü dünya sisteminin qurulmasının əsas aparıcı avanqard güc mərkəzi kimi çıxış edir. Yəni Çin bütün imkanlardan istifadə edərək ABŞ-nin hegemonluğunu təmin edən təkqütblü dünya modelinin reallaşmasına müqavimət göstərir. Rəsmi Pekinin maraqları onu tələb edir ki, dünya təkqütblü deyil, çoxqütblü model üzrə idarə olunsun. Təbii ki, bütün bunlar Çinin qlobal məkandakı həm gücünü, həm də strateji təsir potensialını göstərir. ABŞ ilə Çin arasındakı rəqabət hazırda elə bir səviyyəyə çatıb ki, bu genişmiqyaslı soyuq savaş qarşıdurmasının nəzarətdən çıxma təhlükəsini də yaradır. Ancaq buna paralel olaraq ABŞ və Çin arasındakı qarşılıqlı asılılıq Ağ Evi və rəsmi Pekini bir-birinə münasibətdə mümkün qədər ehtiyatlı və həssas davranmağa məcbur edir. Çünki Çin ABŞ ilə genişmiqyaslı iqtisadi-ticari münasibətlərə malikdir.İndiki mərhələdə həm ABŞ, həm də Çin üçün bu iqtisadi-ticari münasibətlər böyük önəm daşıyır və həmin münasibətlərin pozulması hər iki tərəfin iqtisadiyyatına sarsıdıcı zərbələr vura bilər. Ona görə də hər iki tərəf mümkün qədər həssas davranmağa çalışır”.

Analitik söyləyib ki, rəsmi Moskva müasir dünyanın superdövlətləri sırasında artıq Rusiyanın mövcud olmadığını anlayır:

“ Yəni Kremldə artıq bu reallığı anlamağa başlayıblar. Onlar başa düşürlər ki, müasir dünyada hazırda ABŞ və Çin supergüc standartlarına uyğun gəlir və qlobal rəqabət məhz bu iki dövlət arasında gedir. Üstəlik, ABŞ-Çin rəqabəti hansısa mərhələdə Rusiya üçün taleyüklü xarakter daşıya bilər. Təbii ki, Kremldə bütün bunlardan narahatdırlar. Ona görə də Rusiyanın rəsmi dairələri Çin ilə qarşılıqlı münasibətlərin yüksək səviyyədə olması üçün əllərindən gələn hər şeyi edirlər. Halbuki rəsmi Pekin Rusiyaya münasibətdə müəyyən məsafə saxlamağa üstünlük verir. Çin Rusiyanın öz qlobal mövqelərinə problem yaratmasını qətiyyən istəmir. Ona görə də Rusiya ilə müəyyən məsafə saxlamağa üstün tuturlar. Rusiyada isə bundan ciddi narahatdırlar. Ən əsası da, Trampın səfəri çərçivəsində ABŞ və Çin arasında strateji anlaşmaların əldə oluna biləcəyi ilə bağlı ehtimallar Kremldə ciddi narahatlıq doğurur. Və bu vəziyyətin hansı səviyyədə Rusiya üçün təhlükə yarada biləcəyini dəqiqləşdirmək üçün böyük ehtimalla Prezident Putin bir günlük Pekinə səfər etmək məcburiyyətində qalıb. Yəqin ki, həmin səfərdən sonra ümumi situasiya daha da aydınlaşmağa başlayacaq”.