Rusiya iqtisadiyyatı 3 ildən sonra ilk dəfə kiçildi

Rusiya iqtisadiyyatı ilin birinci rübündə illik müqayisədə 0,2 faiz kiçilərək 2023-cü ildən bəri ilk dəfə rüblük daralma qeydə aldı.

Sherg.az xəbər verir ki, Rusiya Federal Statistika Xidməti (Rosstat) 2026-cı ilin birinci rübünə dair Ümumi Daxili Məhsul (ÜDM) üzrə ilkin göstəriciləri açıqlayıb.

Məlumata görə, Rusiyanın ÜDM-i ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalıb.

Bu göstərici Rusiya İqtisadi İnkişaf Nazirliyinin daha əvvəl açıqladığı 0,3 faizlik daralma proqnozundan daha müsbət olub.

Rusiya iqtisadiyyatı sonuncu dəfə 2023-cü ilin ilk rübündə illik əsasda kiçilmiş, ÜDM 0,8 faiz azalmışdı.

Rusiya İqtisadi İnkişaf Nazirliyinin aylıq məlumatlarına əsasən, ölkədə ÜDM yanvarda illik müqayisədə 1,8 faiz, fevralda 1,1 faiz azalsa da, mart ayında 1,8 faiz artım qeydə alınıb.

Rusiya Prezidenti Vladimir Putin dünən iqtisadiyyatla bağlı keçirilən iclasda mart ayında müşahidə olunan bərpaya diqqət çəkərək bildirib: “Başlayan müsbət dinamikanın güclənməsi, daha çox sektor və sahəni əhatə etməsi, yəni iqtisadi artımın daha dayanıqlı və sabit xarakter alması vacibdir.”

Rusiya hökuməti və Rusiya Mərkəzi Bankı ölkədə xüsusilə son iki ildə sürətlə artan inflyasiyanın qarşısını almaq və iqtisadiyyatı soyutmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirir.