Rusiya Müdafiə Nazirliyi: Bir gün ərzində 9 region üzərində 109 Ukrayna PUA-sı vurulub

Rusiya Müdafiə Nazirliyi sentyabrın 1-də səhər saat 08:00-dan axşam 20:00-dək 109 təyyarə tipli pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, nazirliyin məlumatına görə, PUA-lar Rusiyanın doqquz regionu üzərində vurulub. Bunlar Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk və Oryol vilayətləri, Moskva regionu, Krım, həmçinin Qara dənizin akvatoriyasıdır.

Rusiya tərəfi hava hücumundan müdafiə sistemlərinin gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirdiyini bildirib.

Məlumata görə, daha əvvəl Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi qüvvələrinin sursat, yanacaq və digər resurslarla təmin edilməsində istifadə etdiyi logistika mərkəzlərinə və enerji obyektlərinə zərbələr endirib.

Rusiya Müdafiə Nazirliyi həmçinin Zaporojye vilayətində Novopavlovka və Çervonaya Krinitsa yaşayış məntəqələrinin nəzarətə götürüldüyünü açıqlayıb.