Rusiya: NATO Ermənistanı KTMT müttəfiqlərindən uzaqlaşdırmağa çalışır

Rusiya NATO-nu Ermənistanı KTMT-dən uzaqlaşdırmağa çalışmaqda ittiham edib.

Sherg.az xəbər verir ki, Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yanında daimi nümayəndəsi Viktor Vasilyev NATO-nun Ermənistanı təşkilatdakı müttəfiqlərindən uzaqlaşdırmağa çalışdığını bildirib.

Onun sözlərinə görə, bu məqsədə birgə hərbi təlimlər də daxil olmaqla müxtəlif vasitələrlə nail olunmağa cəhd edilir və belə siyasət Ermənistanın uzunmüddətli təhlükəsizlik və suverenlik maraqlarına uyğun deyil.

Vasilyevin açıqlaması Ermənistanın ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə keçirilən "Eagle Partner 2026" hərbi təlimlərindən sonra səslənib. Rusiya daha əvvəl də bu cür təlimlərin Moskva ilə İrəvan arasında təhlükəsizlik sahəsində əməkdaşlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq etmişdi.