Rusiyada oktyabrdan bir sıra yeni qaydalar qüvvəyə minir

Oktyabrın 1-dən Rusiyada kommunal tariflər, ailə ipotekası, marketpleyslər və özünüməşğulluqla bağlı bir sıra yeni qaydalar qüvvəyə minib.

Sherg.az xəbər verir ki, oktyabrdan kommunal xidmətlərin tarifləri regiondan asılı olaraq artırılacaq. Artımın yuxarı həddi Stavropol diyarında 22 faiz, ən aşağı həddi isə Xakasiya və Çukotkada 8 faiz müəyyən edilib.

Ailə ipotekasının şərtləri də dəyişib. Kredit üzrə faiz dərəcəsi və maksimal məbləğ ailədəki uşaqların sayından və regiondan asılı olacaq. Güzəştli kreditin maksimal müddəti isə 30 ildən 15 ilə endirilib.

Yeni qanunla marketpleyslərin fəaliyyətinə də əlavə tələblər tətbiq olunur. Alıcılar məhsulun qaytarılması və dəyişdirilməsi ilə bağlı müraciətləri birbaşa platforma üzərindən göndərə biləcəklər.

Bundan başqa, özünüməşğulların eyni sifarişçi ilə uzunmüddətli işləməsinə məhdudiyyət qoyulub. Platforma vasitəsilə bir sifarişçidən altı ay ardıcıl olaraq ayda 60 saat və daha çox iş alan şəxsin həmin sifarişçidən yeni sifariş qəbul etməsi dayandırılacaq.

Oktyabrın 1-dən hərbçilərin və bir sıra güc strukturlarının əməkhaqları, eləcə də hərbi pensiyalar təxminən 4 faiz indeksləşdiriləcək.

Həmçinin uzaq məsafəli qatarların plaskart və ümumi vaqonlarında gediş haqları 9,2 faiz artırılacaq.