
Rusiyanın iflası an məsələsidir
Yüzlərlə iri şirkət və minlərlə peşəkar ölkəni tərk edir
"Putin bu müharibə ilə həm də ölkəsini və xalqının gələcəyini məhv edir"
"Zelenskinin açıqlamalarından aydın olur ki, Kiyev geri çəkilmək, nəyisə güzəştə getmək fikrində deyil. Kiyevin əsas qayəsi Moskvanı beynəlxalq birlik qarşısında tamamilə neytrallaşdırmaqdır"
“Ukrayna Rusiya ilə 10 il müharibə aparmağa hazırdır”. Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O, Qərbi silah tədarükünü sürətləndirməyə çağırıb: “Sursat bu gün və sabah lazımdır, 2-3 aydan sonra yox”. Zelenski bildirib ki, Rusiya ilə uğurlu danışıqlar şansı azalır, Ukrayna cəmiyyəti dialoqu davam etdirmək istəmir. Ukrayna rəhbəri fransalı həmkarı Emmanuel Makronu ölkəsinə dəvət edib: “Düşünürəm ki, Makron Rusiyanı dialoqa cəlb etmək üçün bəzi addımlar atmaq istəyir. Sadəcə ona dedim ki, bu, müharibə deyil, soyqırımdır. Gəlib görəcək və əminəm ki, başa düşəcək”. Qeyd edək ki, Makron Buşa və İrpendəki olayları soyqırım adlandırmaqdan imtina edib və soyqırım məsələsini siyasətçilərin deyil, hüquqşünasların müəyyən etməli olduğunu bildirib.
Rusiya hər həftə ağır zərbə alır
Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib ki, Moskvaya qarşı cəza tədbirləri artıq işə düşməyə başlayır: “Sanksiyalar Rusiya iqtisadiyyatına hər həftə daha da dərin zərbə vurur. Rusiyaya ixrac 70 faiz azalıb. Rusiyanın 700 təyyarəsi ehtiyat hissələri və proqram təminatının yenilənməməsi səbəbindən lisenziyasını itirib. Yüzlərlə iri şirkət və minlərlə peşəkar ölkəni tərk edir. Hazırkı proqnozlara görə, Rusiyanın ümumi daxili məhsulu 11 faiz azalacaq. Rusiyanın milli iflası an məsələsidir. Putin bu müharibə ilə həm də ölkəsini və xalqının gələcəyini məhv edir”.
Ruslar hücum edir, küçə döyüşləri gedir
Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib ki, rus işğalçıları Luqansk vilayətinin Kremennaya şəhərinə daxil olublar: “Ruslar Kremennaya şəhərinə girdilər. Küçə döyüşləri başlayıb. Təxliyə mümkün deyil”.
Rusiya Dnepr şəhərinə raket zərbələri endirib
Rusiya Ukraynanın Dnepr şəhərinə iki raket zərbəsi endirib. Dnepr regional hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib ki, Rusiya səhər saatlarında Sinelnikov və Pavloqrad rayonlarını raket zərbələri ilə vurub. Nəticədə Sinelnikovda iki nəfər yaralanıb. Zərbə nəticəsində, eyni zamanda dəmir yolu infrastrukturu obyektinin də zədələndiyi bildirilib.
“Rusiya Lvova hava zərbələri endirib, ölənlər və yaralananlar var”
Lvov vilayətinin rəhbəri Maksim Kozitski Rusiya ordusunun Lvova raket zərbələri endirdiyini söyləyib: “Qərb Hava Komandanlığının məlumatına görə, bu gün səhər saatlarında Lvova dörd raket zərbəsi endirilib. Üçü hərbi infrastruktura endirilib. Zərbələr nəticəsində yanğınlar baş verib. Yanğının söndürülməsi hələ də davam edir. Obyektlərə ciddi ziyan dəyib. Təəssüf ki, ölənlər və yaralananlar var. Bu saata olan məlumata görə, 6 ölü və 8 yaralı var. Ölənlər arasında bir uşaq da var".
“Rusiya Lvova raket zərbələrini Xəzərdən endirib”
Lvov regional hərbi administrasiyasının rəhbəri Maksim Kozitski qeyd edib ki, Ukraynanın Lvov şəhərinə endirilən qanadlı raketlər Xəzər dənizi regionundan buraxılıb. O qeyd edib ki, bu gün təxminən 08:30 radələrində Lvova ümumilikdə 4 raket zərbəsi endirilib: “İlkin məlumata görə, onlar Xəzər regionundan buraxılıblar. Raketlərdən üçü hərbi infrastruktur obyektini vurub”. Kozitski raket zərbələri nəticəsində 7 nəfərin həlak olduğunu və biri uşaq olmaqla, 11 nəfərin yaralandığını qeyd edib. O, itkilərlə bağlı rəqəmlərin dəyişə biləcəyini vurğulayıb. Vilayət rəhbəri zərbələrdən sonra baş vermiş yanğının söndürüldüyünü əlavə edib.
Ukraynanın Stalinqradı: Rusiya heç cür bacarmır
Britaniya Müdafiə Nazirliyindən isə bildirilib ki, Rusiya qoşunları hələ də Mariupolu tam ələ keçirə bilmir. Şəhər müdafiəçilərinin müqaviməti bütün əməliyyat bölgələrində rus ordusuna problem yaradır: “Rusiya komandanlığı Mariupolun alınmasının nə qədər vaxt aparacağından narahatdır. Ukraynanın yaxşı əlaqələndirilmiş müqaviməti Rusiya qüvvələrini ciddi sınaqdan keçirdi, ordu və texnikanı yayındırdı, Rusiyanın başqa yerlərdə irəliləyişini ləngitdi”.
“Kiyev razılaşdırılmış məsələlərlə bağlı mövqeyini tez-tez dəyişir”
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kiyev artıq razılaşdırılmış məsələlərlə bağlı mövqeyini tez-tez dəyişir: “Xüsusi hərbi əməliyyat davam edir. Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin dedi ki, bu, plan üzrə gedir. Eyni zamanda, danışıqlar prosesi çərçivəsində ekspertlər səviyyəsində təmaslar davam edir. Mən Prezidentin sözlərini də xatırlatmaq istəyirəm ki, təəssüf ki, Ukrayna tərəfi o qədər də sabitlik nümayiş etdirmir, razılaşdırılmış məqamlarla bağlı mövqeyini tez-tez dəyişir”. Kiyevin Krımın statusunu və NATO-ya üzv olmaqdan imtinanı müzakirə etməyə hazır olacağına dair bəyanatını şərh edən Peskov bildirib ki, Rusiya Federasiyası əvvəlki kimi danışıqlar zamanı müzakirə olunan məqamları ictimaiyyətə açıqlamağa hazır deyil.
“Qərb də müharibənin davam etməsində maraqlıdır”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Şərq”ə deyib ki, müharibə hələ davam edəcək. Ekspertə görə, ABŞ və Avropa ölkələrinin Ukraynanı silah-sursatla təmin etməsi göstərir ki, Qərb də savaşın davam etməsində maraqlıdır:
“Qərbin sanksiyaları Rusiya ordusuna ciddi zərbə vurmaqdadır. Rus ordusunda da narahatlıq artmaqdadır. Ukrayna rəsmi qurumlarının məlumatına görə, rusların 20 mindən artıq canlı qüvvəsi məhv edilib. Məsələ ondadır ki, Moskva bir neçə dəfə geri addım atmaq istəyib. Sadəcə, Kreml biabırçı məğlubiyyətlə müharibəni sonlandırmaqdan çəkinir. Bu addımı atacağı təqdirdə Rusiya üç məsələdə böyük itkilər verəcək.
Birincisi, iqtisadi baxımdan Rusiya sanksiyalardan yaxa qurtara bilməyəcək. İkincisi, silah-sursat bazarında dominantlığı itirəcək. Üçüncüsü isə beynəlxalq nüfuzundan, siyasi təsir gücündən məhrum qalacaq. Ukraynadan məğlub ayrılmaq digər ölkələr üçün də presedent ola bilər. O halda Rusiya Qafqazdan, Mərkəzi Asiyadan, Yaxın Şərqdən və Şimali Afrikadan çəkilmək məcburiyyətində qalacaq. İndiki halda Rusiya ordusu “hücum” taktikası ilə vəziyyəti xeyrinə dəyişməyə cəhd göstərir. Daha doğrusu, Kiyevi danışıqlar masasına oturtmağa çalışır. Lakin Zelenskinin açıqlamalarından aydın olur ki, Kiyev geri çəkilmək, nəyisə güzəştə getmək fikrində deyil.
Kiyevin əsas qayəsi Moskvanı beynəlxalq birlik qarşısında tamamilə neytrallaşdırmaqdır. Yaxın dönəmdə sülhün əldə olunacağı inandırıcı görünmür. İstənilən halda Rusiya məğlub tərəfdir. Qərb ölkələri isə daha qazanclı çıxacaq”.