“İran İslam Respublikası dərin parçalanma yaşayır, cəmiyyət demokratik keçidi mümkün edən mərhələyə çatıb”.
Teleqraf xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi “Washington Post”da dərc olunan məqaləsində bildirib.
İranda davaç edən etiraz aksiyaları haqda yazan keçmiş şahzadə qeyd edib ki, cəmiyyət 47 ildən sonra ilk dəfə açıq şəkildə azadlığı üçün son döyüşə başlayıb.
Pəhləvi etirazların təkcə paytaxtla məhdudlaşmadığını vurğulayaraq yazıb ki, Tehrandan tutmuş ucqar şəhər və kəndlərədək iranlılar öz gələcəklərini geri almaq üçün həyatlarını riskə ataraq meydana çıxıblar. Onun sözlərinə görə, bu vəziyyət şəffaflıq, hazırlıq və məsuliyyətli liderlik tələb edir - təkcə İran daxilində yox, beynəlxalq səviyyədə də.
Rza Pəhləvi İranın hazırkı hakimiyyətinin vəziyyətini “indiyə qədər olduğundan daha zəif və daha parçalanmış” kimi təsvir edib və ötən il edamların kəskin şəkildə artmasına diqqət çəkib.
Müəllifin fikrincə, İranın 100-dən çox şəhərində etirazların genişlənməsi və rejimə qarşı şüarlar cəmiyyətin keçidi idarə edəcək birləşdirici simaya ehtiyac duyduğunu göstərir. O, bu rolu “hakimiyyətə hazır olan şəxs” kimi yox, “demokratiyaya milli keçidin zəmanətçisi” kimi qəbul etdiyini iddia edib.
Keçmiş şahzadə monarxiya tərəfdarlarından respublikaçılara, dünyəvi qüvvələrdən dini kəsimlərədək müxtəlif müxalifət spektrləri arasında koordinasiya yaratmaq səylərindən bəhs edərək, “İranın ərazi bütövlüyü, vətəndaşların hüquq bərabərliyi və dinlə dövlətin ayrılığı” prinsiplərini bu yaxınlaşmanın əsas oxu kimi göstərib. Ona görə, bu prinsiplər milli barışıq və gələcək idarəetmə formasına dair referendumun keçirilməsi ilə tamamlanmalıdır.
Pəhləvi keçiddən sonra xaos və ya qeyri-sabitlik ehtimalları ilə bağlı narahatlıqları “haqlı” adlandırıb və məhz bu səbəbdən planlaşdırmanın əsas əhəmiyyət daşıdığını vurğulayıb. O, “İranın çiçəklənməsi” layihəsinə də toxunaraq qeyd edib ki, bu, müxtəlif sahələrdə 100-dən artıq iranlı mütəxəssisdən ibarət şəbəkədir və nizamlı keçidin idarə olunması, eləcə də həyati xidmətlərin qorunması üçün ətraflı planlar hazırlayıb.
Müəllif məqalənin davamında hakimiyyət strukturları daxilindəki qüvvələrlə əlaqə üçün təhlükəsiz kanalların yaradıldığını bildirib və yazıb ki, silahlı qüvvələr, təhlükəsizlik qurumları və dövlət aparatının on minlərlə üzvü bu kanallar vasitəsilə rejimdən uzaqlaşmağa və xalqla birgə hərəkət etməyə hazır olduqlarını bəyan ediblər.
Rza Pəhləvinin fikrincə, demokratik İran böhran mənbəyi olmaq əvəzinə, Yaxın Şərqdə sabitlik yaradan amilə çevrilə bilər. O, beynəlxalq ictimaiyyəti hadisələri kənardan izləməklə kifayətlənməməyə və İranın dinc və sabit keçidini təmin etmək üçün fəal rol oynamağa çağırıb.