Səfirlər açıqladı: Rusiya və Çin əməkdaşlığı zirvəyə çatdı

Rusiya və Çin arasında ikitərəfli əməkdaşlıq ən yüksək həddə çatıb və prezidentlər Vladimir Putin və Si Cinpinin fəaliyyəti sayəsində ardıcıl şəkildə inkişaf edir.

Sherg.az xəbər verir ki, bu barədə iki ölkənin səfirləri Nikolay Nozdrev və U Çjanxao birgə məqalələrində bildiriblər.

Onlar münasibətlərin yetkinliyini və müstəqil xarakterini vurğulayıblar. May ayında Putinin Pekinə səfərinin tərəfdaşlığın xüsusi xarakterini bir daha təsdiqlədiyi qeyd olunub.

Diplomatlar əsas prinsiplər üzrə iki ölkə liderinin mövqelərinin üst-üstə düşdüyünü bildiriblər. Bunların arasında dinc yanaşı yaşamaq və suverenliyə hörmət prinsipləri də var. Hər iki tərəf xalqların öz inkişaf yolunu müstəqil şəkildə seçmək hüququna əsaslanır.

Rusiya və Çin münasibətləri müxtəlif sınaqlardan keçib. Bunun göstəricisi 30 illik strateji tərəfdaşlıqdır. Ölkələr qarşılıqlı etimadı nəzərə alaraq əməkdaşlığı irəli aparırlar.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, Rusiya və Çin heç kimə qarşı dostluq etmir və heç kimlə mübarizə aparmır. Rusiya liderinin sözlərinə görə, Moskva və Pekin yalnız öz maraqları uğrunda mübarizə aparırlar.