Təl-Əvivdə polis müharibə əleyhinə mitinqi dağıdıb

Bir qrup müharibə əleyhinə fəal İranla bağlı hərbi əməliyyata etiraz edərək Təl-Əvivin mərkəzində mitinq keçirib. İsrail polisi isə hərbi vəziyyət qaydalarının pozulduğunu əsas gətirərək aksiyanı dağıdıb.

Sherg.az xəbər verir ki, İsrail polisinin mətbuat xidmətinin məlumatına görə, mitinq şəhərin mərkəzində yerləşən “Habima” meydanında, eyni adlı teatrın qarşısında baş tutub. Polis toplaşanların hərəkətlərində Arxa Cəbhə Xidmətinin təlimatlarının pozulduğunu müəyyən edib. Mövcud qaydalara əsasən, ölkədə raket hücumları təhlükəsi səbəbindən 50 nəfərdən çox insanın iştirakı ilə ictimai tədbirlərin keçirilməsi qadağandır.

“The Times of Israel” nəşrinin məlumatına görə, aksiya iştirakçıları isə İsrail Ali Məhkəməsinin daha əvvəl 600 nəfərə qədər etiraz aksiyalarına icazə verdiyini əsas gətiriblər.

Polisin qiymətləndirməsinə görə, Təl-Əvivdə keçirilən mitinq bu limiti aşıb. Buna görə də hüquq-mühafizə orqanları etirazçılardan dağılışmağı tələb edib. Bəzi iştirakçılar bu tələblərə tabe olmayıb və nəticədə toqquşmalar baş verib.

Polisin məlumatına əsasən, ictimai asayişi pozduqlarına görə ümumilikdə 10 nəfər saxlanılıb.