Ukrayna Donbası Rusiyaya verməkdən imtina etdi

Ukrayna və ABŞ nümayəndə heyətlərinin Floridada dünənki görüşündə tərəflər sülh sazişinin layihəsini razılaşdıra bilməyiblər. Əsas mübahisələr ərazi məsələsi və Ukraynanın NATO-ya mümkün üzvlüyü ətrafında gedib.

Teleqraf xəbər verir ki, bu barədə “RBK-Ukraina” məlumatlı mənbəyə istinadla bildirib.

Mənbənin sözlərinə görə, danışıqlar artıq problemli məsələlərin həllindən gedir, bu, irəli doğru daha bir addım hesab olunur. Qeyd edilib ki, ABŞ danışıqlarda vasitəçi rolunu oynayır, Rusiya tərəfinin mövqelərini çatdırır. Moskva isə Ukrayna qüvvələrinin Donbasdan tam çıxmasında israr edir. Ukrayna bunun mümkün olmadığını bəyan edib - həm konstitusion məhdudiyyətlər, həm də Ukrayna cəmiyyətinin mövqeyi və cəbhədəki real vəziyyətə görə.

Kiyevin mövqeyi dəyişməz qalır: ərazilərlə bağlı istənilən müzakirələr Rusiya tərəfindən qoyulan ultimativ tələblər yox, hazırkı təmas xəttindən başlamalıdır.

“Həll yollarının axtarışı davam edir, amma bu, olduqca çətin məsələdir”, - mənbə əlavə edib.

Ukrayna nümayəndə heyəti ayrıca vurğulayıb ki, NATO-ya üzvlük kursu Konstitusiyada təsbit olunub və bu müddəanın razılaşma naminə dəyişdirilməsi təhlükəli presedent yarada bilər. Kiyev bəyan edib ki, Rusiya Ukraynanın alyansa üzvlüyü məsələsinə veto qoymaq hüququna malik ola bilməz.

Mənbənin sözlərinə görə, ABŞ Ukraynanın arqumentlərini dinləməyə hazırdır, amma Rusiya ilə danışıqların mürəkkəbliyini də xatırladır:

“Siz yüz faiz haqlı ola bilərsiniz, amma qarşı tərəf də var. Əgər o “yox” deyirsə, biz nə edə bilərik?”.