Züriyə Qarayeva: “Atəşkəs yalnız sinxron olarsa mənalıdır. Danışıqlar artıq ərazi məsələlərinə yönəlir”
Yaxın Şərqdə İran və ABŞ arasında müvəqqəti atəşkəsin əldə olunması fonunda Ukrayna cəbhəsində də diplomatik siqnallar güclənir. Volodimir Zelenski Rusiyanın hücumları dayandıracağı təqdirdə Kiyevin də eyni addımı atmağa hazır olduğunu bildirərək atəşkəsin danışıqlar üçün vacib zəmin yaradacağını vurğulayıb. O, həmçinin ABŞ-nin vasitəçilik rolunun əhəmiyyətini qeyd edib.
Bu arada Ceyms Devid Vens Rusiya-Ukrayna danışıqlarında müəyyən irəliləyişin olduğunu deyib. Onun sözlərinə görə, müzakirələr artıq əsasən məhdud ərazi məsələləri üzərində cəmlənib və bu, diplomatik prosesdə ehtiyatlı optimizm yaradır.
Politoloq Züriyə Qarayeva Sherg.az-a söyləyib ki, Rusiyanın hücumları dayandıracağı halda Ukraynanın eyni addımı atmağa hazır olduğunu bəyan etməsi əslində taktiki pauza modelinə uyğun davranışdır:
“"Kiyev bunu strateji güzəşt kimi yox, danışıqlar üçün operativ nəfəs fasiləsi kimi təqdim edir. Zelenskinin mövqeyi ondan ibarətdir ki, atəşkəs yalnız qarşılıqlı və paralel şəkildə baş tutarsa mənalıdır. Yəni birtərəfli dayandırma deyil, sinxron dayanma olmalıdır. Bu yanaşma Ukraynanın həm hərbi mövqelərini qorumaq, həm də beynəlxalq legitimliyini gücləndirmək cəhdidir. Başqa sözlə, Kiyev demək istəyir ki, biz sülhdən qaçmırıq, amma onu zəiflik yox, balans üzərindən qurmaq istəyirik. Bu, həm də Qərbə verilən mesajdır ki, Ukrayna danışıqlara açıqdır və diplomatik həllin qarşısında əsas maneə kimi görünmək istəmir”.
Analitik deyib ki, Ceyms Devid Vensin danışıqların artıq əsasən ərazi məsələləri üzərində cəmləndiyini deməsi isə prosesin yeni mərhələyə keçdiyini göstərir:
“Bu o deməkdir ki, tərəflər maksimalist mövqelərdən tədricən daha konkret və ölçülə bilən kompromis sahələrinə doğru hərəkət edir. Ərazi mövzusu danışıqların ən həssas və eyni zamanda ən real hissəsidir, çünki burada hər iki tərəf üçün “qırmızı xətlər” mövcuddur. İran-ABŞ arasında əldə olunan müvəqqəti atəşkəs isə Ukrayna münaqişəsi üçün dolayı, amma mühüm siqnal verir. Bu, göstərir ki, hətta yüksək gərginlikli qarşıdurmalar belə müəyyən mərhələdə idarə olunan razılaşmaya gətirilə bilər. Vaşinqtonun paralel olaraq iki fərqli böhran zonasında aktiv vasitəçilik etməsi də onu göstərir ki, ABŞ indi eskalasiyanı deyil, nəzarət olunan sabitləşməni prioritet kimi görür. Bu isə Ukrayna cəbhəsində də diplomatik pəncərənin açıq saxlanacağına işarədir".