Yaşar Onay: “Suriya xəritəsi yenidən cızılır -tərəflər mövqelərini sərtləşdirir”

Bu hərbi dinamika Suriya sahəsində yeni dövrün başlandığını göstərir

“Türkiyə və Şam SDQ-ni sıxışdırmaqda dolayı koordinasiya yaradır”

Türkiyə Silahlı Qüvvələri üç istiqamətdən-Afrin, Ras əl-Ayn və Hələbin şimalından Suriyaya daxil olub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, hərbçilər xüsusilə Menbiç xəttinə doğru irəliləyirlər. Eyni zamanda, Dəməşq hökuməti SDQ-nin (Suriya Demokratik Qüvvələri) nəzarətində olan Deyr əz-Zora artilleriya və PUA (pilotsuz uçuş aparatı) ilə dəstəklənən əlavə qüvvələr göndərib.

Türkiyə Silahlı Qüvvələrinə məxsus konvoylardan birinin Deyr-Ballut sərhəd qapısından Hələb bölgəsinə, digərinin isə gecə saatlarında Ədvaniyyə sərhəd qapısından Suriyaya daxil olduğu bildirilib. Hərbi karvanlarda zirehli texnika ilə yanaşı bir sıra logistik elementlərin də olduğu qeyd edilir.

Bu hərbi hərəkətlər bölgədəki güc balanslarını dəyişdirir, Türkiyə, Dəməşq və SDQ arasında çoxqatlı gərginlik xəttini ortaya çıxarır. Analizlər göstərir ki, Menbiç və Deyr əz-Zor bölgəsində strateji üstünlük uğrunda mübarizə yeni mərhələyə qədəm qoyub.

İstanbul Universiteti Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının professoru, türk politoloq Yaşar Onay Sherg.az-a açıqlamasında söyləyib ki, Türkiyə Silahlı Qüvvələri Afrin, Rəsulayn və Hələbin şimalından eyni vaxtda Suriyaya daxil olması, Türkiyənin meydanda təzyiqi üç fərqli istiqamətdən artırdığını göstərir: 

"Bu hərəkət xüsusilə Münbiç xəttini əhatə etmək və bölgədəki SDQ (Suriya Demokratik Qüvvələri) mövcudluğunu zəiflətmək məqsədini daşıyır. Münbiç illərdir Türkiyə üçün kritik ərazi hesab olunur. Bu üç tərəfli hərbi təzyiq həm psixoloji, həm də taktiki üstünlük yaratmağı hədəfləyən bir yanaşma kimi qiymətləndirilir. TSQ hərbi karvanlarından biri Deyr Ballutdan, digəri isə gecə saatlarında Advaniyə sərhəd keçidindən Suriyaya daxil olub. Bu, əməliyyatın geniş bir cəbhəyə yayıldığını göstərir. Hərbi karvanlarda zirehli texnika ilə yanaşı, çoxlu logistika vasitələrinin mövcudluğu, bunun qısa müddətli bir basqın olmadığını, sahədə davamlı yerləşmənin göstəricisi ola biləcəyini göstərir. Eyni vaxtda, Deyr əz-Zor bölgəsində SDQ nəzarətində olan ərazilərə Şam idarəsinin artilleriya və PUA dəstəyi ilə əlavə qüvvələr göndərməsi sahədəki rəqabətin başqa bir miqyasını ortaya qoyur. Şam üçün Deyr əz-Zor neft yataqları səbəbindən kritik bir ərazidir. O, SDQ-nin zəifləməsindən faydalanmaq istəyir. Bu eyni vaxtlılıq Türkiyə ilə Şam arasında rəsmi olaraq qəbul edilməyən, lakin sahədə dolayı bir koordinasiya ola biləcəyini düşündürür".

Politoloq bölgədə eyni anda Türkiyə, Şam və SDQ arasında çoxqatlı gərginlik xəttinin yarandığını bildirib:

"Türkiyənin Münbiçə doğru irəliləməsi, Şamın Deyr əz-Zorda güc nümayişi və SDQ-nin müdafiə mövqelərini gücləndirməsi, sahədəki tarazlıqların yaxın günlərdə sürətlə dəyişə biləcəyini göstərir. Bu vəziyyət Suriya sahəsində həm hərbi, həm də diplomatik baxımdan yeni bir dövrün başladığını işarə edir. Bütün bu hərbi və strateji hərəkətlər birlikdə nəzərə alındığında, Suriya sahəsində yeni mərhələnin başladığı aydın görünür. Türkiyənin Afrin, Rəsulayn və Hələbın şimalından eyni zamanda Suriyaya daxil olması, sahədə təzyiqi üç istiqamətdən artırmaq və xüsusilə Münbiç xəttini əhatə etmək məqsədini daşıyır. Bu, SDQ-nin qərb-şərq əlaqələrini zəiflətməyə yönəlmiş strateji bir addım kimi qiymətləndirilir. Konvoyların həm Deyr Ballut, həm də Advaniyə sərhəd keçidindən daxil olması, əməliyyatın geniş bir cəbhəyə yayıldığını və logistika baxımından uzunmüddətli mövcudluq göstərə biləcəyini göstərir. Şam idarəsinin Deyr əz-Zordakı SDQ nəzarətindəki ərazilərə artilleriya və PUA dəstəyi ilə əlavə qüvvələr göndərməsi sahədə eyni vaxtlı təzyiq yaradır. Bu iki fərqli hərəkətin eyni anda baş verməsi, Türkiyə və Şamın rəsmi olaraq birgə hərəkət etməsələr də SDQ-nin sahəsini daraltmaq üçün bir-birini tamamlayan addımlar atdıqlarını düşündürür". 

Ekspert bu vəziyyətin SDQ-ni iki tərəfdən sıxışdırdığını və ABŞ-nin sahədəki təsirini çətinləşdirdiyini vurğulayıb:

"Bütün bu hərbi fəaliyyətlər Suriya ərazisində nəzarət sahələrinin və güc balanslarının yenidən formalaşmağa başladığını göstərir. Türkiyənin irəliləməsi, Şamın şərqdə güc nümayişi və SDQ-nin müdafiəyə çəkilməsi, yaxın gələcəkdə həm meydanda, həm də diplomatik sahədə daha böyük hərəkətliliyin olacağının xəbərçisidir. Bu tablo xəritənin və ittifaqların yenidən qurulduğu bir prosesə girildiyini göstərir. Lakin hər şey hələ çox yenidir, bunlar yalnız ilkin analizlərdir".