İran Silahlı Qüvvələrinin "Hatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandiri Əli Əbdullahi bildirib ki, ABŞ və İsrail infrastruktura zərbələri davam etdirəcəkləri təqdirdə ciddi fəsadlarla üzləşə bilərlər.
"Müharibənin ilk günlərindən etibarən vəd etdiyimiz hər şeyi etmişik. Bu mesajın mənası budur ki, qarşınızda cəhənnəm qapıları açılacaq", - o, vurğulayıb.
Məlum olduğu kimi, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Bundan əlavə, İran qüvvələri Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bir sıra ölkələri öz hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Yaxın Şərqdəki müharibə təxminən bir aydır davam edir. Müharibənin genişlənmə ehtimalı var. Birincisi, davam edən savaşda iştirak edən kənar qüvvələr də var. Məsələn, Rusiya və və Çinin İrana dəstək verdiyinə dair müəyyən məlumatlar. Hər iki ölkənin rəsmi Tehranı dəstəkləməsi və iddiaların doğru olması gözləniləndir. Gələcəkdə bu dəstək güclənə və açıq şəkildə özünü göstərə bilər.
İkincisi, tədricən Ərəb ölkələri də müharibəyə çəkilir. Bu, prosesi bir az da mürəkkəbləşdirir.
Üçüncüsü, bir sıra dövlətlər müharibənin uzanmasında maraqlıdır. Məsələn, İsrail. Çünki İsrail baş naziri Benyamin Netenyahu başa düşür ki, onun hakimiyyəti məhz bu müharibələrdən asılıdır. Xalq İsrail hakimiyyətinin elədiklərindən bezib. Xüsusilə Qəzzada baş verənlərdən sonra həm daxildə, həm də xaricdə Netanyahunun reytinqi azalıb. Odur ki, rəsmi Təl-Əviv sağa-sola "ət atmaqla" xalqın başını qatır.
İkinci bir tərəfdən, Rusiya da müharibənin bitməsini istəmir. Bunun da iki səbəbi var. Birincisi, davam edən savaş nefti bahalaşdırır. Bu da neft ixracatçısı ölkə kimi rəsmi Moskvaya sərf edir. İkincisi, müharibə ABŞ-nin Ukraynaya dəstəyinin azalmasına səbəb olur ki, bu da strateji baxımdan Rusiyaya sərf edir.
Çinə gəldiksə isə bildirməliyik ki, bu dövlət də müharibənin bitməsinə isti yanaşmır. ABŞ-nin mümkün qədər zəifləməsi Çinin maraqlarına uyğundur. Odur ki, hətta indi bunu etmirsə belə, gələcəkdə İrana dəstək göstərməsi mümkündür.
Əgər müharibə iki aydan çox davam etsə, bunun nəinki təkcə iştirakçılar, bütün dünya üçün nəticələri çox ağır olacaq. ABŞ və İran bunu anlamalı, qarşılıqlı olaraq kompromisə getməlidirlər.
Kənan Novruzov