Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq

Ukraynanın Böyük Britaniyadakı səfiri, general Valeri Zalujnı Ukraynanın NATO-ya üzvlük perspektivini real hesab etmədiyini bildirib.

"Yevropeyskaya pravda"nın məlumatına görə, Kiyevdə keçirilən səfirlərin ümumi müşavirəsində çıxış edən Zalujnı uzun illər NATO standartlarının tətbiqi üzərində çalışdığını xatırladaraq, Ukraynanın Alyansa qəbul ediləcəyi ilə bağlı verilən vədlərin heç vaxt reallaşmadığını deyib.

“12 ilə yaxın NATO standartlarının mənimsənilməsi ilə məşğul olmuşam və hər il eşitmişəm ki, guya Ukrayna tezliklə NATO-ya qəbul ediləcək. Təəssüf ki, biz heç vaxt NATO-ya üzv olmayacağıq”, – deyə o vurğulayıb.

Generalın sözlərinə görə, buna səbəb Ukrayna Silahlı Qüvvələrinin inkişaf səviyyəsi ilə yanaşı, NATO-nun hələ də İkinci Dünya müharibəsi dövrünün doktrinalarına əsaslanmasıdır.

Zalujnı bildirib ki, Alyans indiki formatda qalacaq və Ukraynanın NATO standartlarına tam uyğunlaşması üçün uzun illər tələb olunacaq.

Bununla yanaşı, o qeyd edib ki, Ukraynanın raketdən müdafiə, kosmik imkanlar və digər yüksək texnologiyalar sahəsində NATO ölkələrinin təcrübəsinə ehtiyacı qalır.

General hesab edir ki, Ukraynanın təhlükəsizlik təminatları NATO-dan daha çox gələcəkdə formalaşa biləcək Avropa hərbi təhlükəsizlik blokları ilə bağlı olacaq. Onun fikrincə, Böyük Britaniyanın rəhbərlik etdiyi Birgə Ekspedisiya Qüvvələri (JEF) təhlükəsizlik baxımından daha perspektivli mexanizmdir.