Zelenski: Rusiya bir həftədə Ukraynaya 2100 dron və 78 raket atıb

Rusiya son bir həftə ərzində Ukrayna ərazisinə 2100-ə yaxın dron, 1700 idarəolunan aviasiya bombası və 78 müxtəlif tipli raket buraxıb. Növbəti kütləvi hücumlar zamanı ölkənin energetika obyektləri, dəmir yolu infrastrukturu və yaşayış binaları hədəfə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" hesabında məlumat paylaşıb.

Zərbələr nəticəsində Odesa, eləcə də ölkənin qərb vilayətlərində dağıntılar baş verib. Volın vilayətində, Ukrayna-Polşa sərhədinin yaxınlığında PUA hücumu nəticəsində qatarın lokomotivinə və yanacaqdoldurma məntəqəsinə ziyan dəyib. Ərazidə bərpa işləri davam etdirilir.

V.Zelenski hücumların qarşısının alınmasının vacibliyini qeyd edib.

"Bu zərbələrin Avropaya doğru irəliləməməsi üçün ukraynalılar hər gün mübarizə aparır və təcavüzün genişlənməsinə imkan vermir. Rusiya terroru bir çoxları üçün ortaq təhlükədir, lakin onu məhz Ukraynada darmadağın etmək mümkündür və vacibdir", — deyə V.Zelenski vurğulayıb.