Zelenski sülhdən çox savaşdan danışır
İki aylıq müharibə Ukrayna prezidentini siyasətçi kimi püxtələşdirdi
"Onsuz da Rusiya Ukraynanın iqtisadiyyatını, zavod və fabriklərini dağıdıb. Kiyev gələcəkdə sıfırdan başlamalı olacaq"
“Hər iki tərəf danışıqların İstanbulda davam etdirilməsinin tərəfdarı olduğunu deyir. Mən mütəmadi olaraq Zelenski və Putinlə telefonla danışıram”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri dəfələrlə tərəflərə çağırış etdiyini bildirib: “Nəticələrimi, qiymətləndirmələrimi və gözləntilərimi birbaşa və səmimi şəkildə bildirirəm. Mən onlara deyirəm ki, bu müharibədə qalib olmayacaq, hamımız, bütün bəşəriyyət uduzacaq. Mən hər fürsətdə iki lideri Türkiyədə bir araya gətirmək istəyimi bildirirəm. Biz işimizi davam etdirəcəyik”.
“Atəşkəslə bağlı tez hərəkət etməliyik”
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, danışıqlar aparan komandalarla daim əlaqə saxlayır: “Hansı məsələlərdə razılıq, hansı məsələlərdə ixtilafın olması ilə bağlı detallar üzərində işləyirik. Biz görürük ki, yeni soyuq müharibə başlayıb. Atəşkəslə bağlı tez hərəkətə keçməliyik. Türkiyə təşəbbüslərini davam etdirir”.
Nazir Prezident Ərdoğanın Putin və Zelenski ilə müzakirə aparacağını da xatırladıb.
“Dağıdılmış infrastrukturun ümumi dəyəri 100 milyard dollardır”
Ukraynanın İnfrastruktur naziri Aleksandr Kubrakov deyib ki, müharibə nəticəsində Ukraynanın bütün infrastrukturunun 30 faizə qədəri zədələnib və ya dağıdılıb: “Dağıdılmış infrastrukturun ümumi dəyəri 100 milyard dollardır. Rusiyanın dondurulmuş aktivlərindən istifadə edərək, iki il ərzində hər şeyi yenidən qurmaq mümkün olacaq. Respublika əhəmiyyətli avtomobil yollarında 300-dən çox körpü dağıdılıb və ya zədələnib, onlarla dəmir yolu körpüsü uçurulub, səkkiz min kilometrdən çox yolun təmirə və ya bərpasına ehtiyac var”. Nazir əlavə edib ki, Ukraynanın bərpası üçün Qərbdən dəstək gözləyir: “Bir sıra mənbələrdən, xüsusən də Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə bərpa üçün vəsait əldə etmək olar. İndi Ukrayna Ədliyyə Nazirliyi müttəfiqləri ilə birlikdə bu istiqamətdə işləyir. Variantlardan biri kimi Rusiyanın həbs edilmiş aktivlərini satmaqla nağd pul toplamaq ola bilər”.
“Artıq hücumlar başlayıb, vəziyyət ağırdır”
Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday bildirib ki, Ukrayna hərbçiləri Popasnaya və Rubejnoe istiqamətində düşmənin hücumlarını dəf ediblər: “Hücumlar başlayıb, vəziyyət ağırdır, amma müdafiəçilərimiz müdafiə xəttini saxlayırlar. Düşmənin onlarla canlı qüvvə itkisi var, hərbçilərimiz düşmənin “Orlan-10” PUA-sını və ağır texnikalarını vurublar”. Onun sözlərinə görə, düşmənin gecə hücumları, aviazərbələri artıb, amma heç bir uğur qazana bilməyiblər.
“Rusiya qoşunları bütün şərq cəbhəsi boyunca hücuma keçib”
Ukrayna Ordusunun Baş Qərargahının bəyanatında bildirilib ki, Rusiya qoşunları müharibənin ikinci fazasında bütün şərq cəbhəsi boyunca hücuma keçib. Qeyd olunub ki, Rusiya qoşunları Donbass regionu üzərində tam nəzarəti ələ keçirmək məqsədi ilə bütün səylərini 480 kilometr uzunluğundakı şərq cəbhəsi boyunca aparılan hərbi əməliyyatlara yönəldib və bütün cəbhə boyunca Ukrayna müdafiə xəttini yarmağa çalışıb. Luqansk regional hərbi idarəsinin rəhbəri Sergey Haidai bildirib ki, Rusiya qüvvələri buvaxtadək yalnız iki ərazini - Kreminna şəhəri və daha bir kiçik şəhəri ələ keçirə bilib.
Britaniya ən yeni sistemini Ukraynaya göndərir
Britaniya tez bir zamanda Ukraynaya “Stormer HVM” zirehli raket qurğuları göndərəcək. “San” qəzetinin yazdığına görə, Britaniya Ukraynaya hava hücumundan müdafiə sistemləri ilə kömək edəcəyinə söz verib: “Müdafiə naziri bu həftə parlamentdə bununla bağlı açıqlama verəcək”. Nəşr yazıb ki, iki həftə əvvəl Britaniya Müdafiə Nazirliyi Solsberidəki sərgidə ukraynalı həmkarları üçün “Stormer” buraxılış qurğusunu nümayiş etdirib. Qeyd edək ki, “Stormer” “BAE Systems” şirkəti tərəfindən istehsal olunub. Onun idarə olunması üçün cəmi 3 heyət üzvü və “Starstreak” raketləri tələb olunur. Bu raketlər vasitəsilə düşmənin alçaqdan uçan təyyarə və helikopterlərini vurmaq mümkündür.
Britaniya qoşunlarının Əfqanıstandakı keçmiş komandanı Riçard Kempin sözlərinə görə, “Stormer/ Starstreak” kombinasiyası Rusiya ordusuna ciddi zərbələr vuracaq və Ukraynanın döyüş qabiliyyətini gücləndirəcək.
Rusiya yenə “Azov”a təslim olmağı təklif edib
Rusiya Baş Qərargahının Mərkəzi komandanlıq məntəqəsinin rəisi, general-polkovnik Mixail Mizintsev deyib ki, Moskva Mariupoldakı “Azovstal” zavodunda yerləşən ukraynalı hərbçilərə təslim olmağı təklif edib: “Azovstal” metallurgiya zavodunda yaranmış fəlakətli vəziyyəti nəzərə alaraq, Rusiya silahlı qüvvələri sırf humanist prinsipləri rəhbər tutaraq, bir daha millətçi alayın əsgərlərinə və əcnəbi muzdlulara silahı yerə qoymağı təklif edir”. Qeyd edək ki, Rusiya ordusu vaxtaşırı “Azov” alayının müqavimət göstərən birliklərinə təslim olmağı təklif edir. Sonuncu dəfə 17 apreldə edilən təklifdən “Azov” imtina etmişdi.
Medvedçuk yalvarır, Kreml tələsmir
Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Ukraynada saxlanılan Viktor Medvedçukun Mariupoldakılarla dəyişdirilməsilə bağlı Rusiya və Ukrayna prezidentlərinə etdiyi müraciətə Kreml hələ reaksiya verməyib: “Viktor Medvedçukun müraciətini gördük, amma hazırda Kremlin heç bir reaksiyası yoxdur”. Məlumat üçün deyək ki, “Həyat Uğrunda – Müxalifət Platforması” partiyasının rəhbəri, sabiq deputat, Putinin qızının xaç atası sayılan Medvedçuk Ukraynada xəyanətə görə həbs edilib. Zelenski onun Rusiyadakı əsirlərlə dəyişdirilə biləcəyini, Medvedçuk isə Mariupoldakı əsirlərlə dəyişdirilməsini istəyib.
“Ukraynada hərbi əməliyyatın növbəti fazası başlayır”
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyatın növbəti fazası başlayır. XİN başçısı deyib ki, Moskva Ukraynadakı rejimi dəyişmək fikrində deyil: “Biz Ukraynada rejimi dəyişmək fikrində deyilik. Bu barədə dəfələrlə danışmışıq, istəyirik ki, ukraynalılar necə yaşamaq istədiklərinə özləri qərar versinlər”. Lavrov Ukraynada nüvə silahının tətbiqi ilə bağlı sualı cavablandırıb: “Rusiya Ukraynada xüsusi əməliyyatın hazırkı mərhələsində yalnız adi silahlardan istifadə variantını nəzərdən keçirir. Yalnız adi silahlar”, - Lavrov Rusiyanın Ukraynada nüvə silahından istifadə edib”.
“Müharibə Zelenskini siyasətçi kimi püxtələşdirdi”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başladığı ilk günlərdə Prezident V.Zelenski daha gərgin idi: “Zelenski işğalı durdurmaq üçün daima danışıqlar təklif edirdi. Kreml rəhbəri ilə istənilən yerdə görüşməyə hazır olduğunu vurğulayırdı. Zelenski ordusunun qəhrəmanlığını, Buça qətliamını və işğalçının itkilərini gördükcə mövqeyini dəyişdi. İki aya yaxın davam edən müharibə Zelenskini siyasətçi və prezident olaraq püxtələşdirdi. İndi o, sülhdən çox savaşdan danışır. Zelenski ABŞ-ın “CNN” telekanalına müsahibəsində deyib ki, “Ukrayna üçün Rusiyanı cilovlamaq vacibdir. Çünki gələcək döyüş bütün müharibənin gedişatına təsir göstərə bilər”. Zelenski lazım olarsa, ölkəsinin işğalçı ilə 10 il də müharibə aparacağını deyib. Onsuz da Rusiya Ukraynanın iqtisadiyyatını, zavod və fabriklərini dağıdıb. Kiyev gələcəkdə sıfırdan başlamalı olacaq. Zelenski ölkəsinin resurslarını tükəndirən Rusiyanın öz resurslarının tükənməsi siyasətinə üstünlük verməyə başlayıb”.