“Dedim bəlkə sözüm qala” 

Qalib Rəhimlinin kitabı işıq üzü görüb

Çox zaman bir müəllifin qələmə aldıqları ona görə oxunaqlı olur ki, o necə düşünürsə, eləcə yazır... Səmimidirsə, təbiidirsə, yazdıqları da eləcə olur. Qalib Rəhimlini tanıyanlar, əlbəttə, onun iç dünyasına bələddir. Şəxsən tanımayanlar isə, yenə də onun qələmindən süzülən bir yazısına, çox uzağa getmədən, elə adı çəkilən kitabda gedən ön söz əvəzi “ETİRAF”ından onun necə bir həssas və duyğulu qəlbə sahib olduğunu hiss edəcəklər. 



 
Qalib Rəhimlinin bu etirafı da öz dünyasının qeyri-adiliyindən mayalanıb. Bu etirafında da jurnalistə xas cəsarətiylə çıxış edir...
“Ömrün ixtiyar çağlarına gedən yoldayam.” Bu cümləsindən sonra artıq bilirsən ki, müəllif nə yazacaq və sənin qarşında açılacaq cığır səni haralara aparacaq. Bəlkə də, Qalib Rəhimlinin içində daha böyük arzu və istəyi əlahəzrət SÖZə eşqdən doğan hisslər onu hardasa ilişdirib dolaşdıra-dolaşdıra və bu peşəyə sahib çıxmağa gətirib. Axı bu peşədə o bir qələm adamı kimi daha məsuliyyətli olmaq məcburiyyətindədir. Sözü düz demək, eşitdiyini doğru-dürüst götür-qoyedib həqiqəti oxucularına çatdırmalısan. Axı daşıdığın qələm sənin düşünən beyninin, vuran ürəyinin gücü ilə ayaqda durmalı, yeri gələndə sənə söykənəcək, sənin də söykənəcəyin olmalı, yeri gələndə də bir bayraq dirəyi qədər səni qürurlandırmalıdır. İndi “Dedim bəlkə sözüm qala...” kitabında da müəllif sanki öz qələmi ilə nələr yaratdığının, hansı “abidələr” ucaltdığının, hansı “qalaçalar” yapdığının fövqündəymiş kimi olanları çatdırır və bəyan edir ki, onun özündən sonra da qalacaq sözü var...

 
Zaman-zaman qələm adamlarımız Azərbaycanın dövlətçilik tarixində əvəzsiz xidmətləri olan Ulu öndərimiz Heydər Əliyevin ruhu qarşısında öz-özlüyündə bir vətəndaşlıq borcu hiss edərək onunla bağlı xatirələrini, əlbəttə ki, gec, ya tez araya-ərsəyə gətirərək və yəqin ki, bundan sonra da geniş ictimaiyyətə çatdırır və bundan sonra da çatdıracaqlar. Üstəlik,indi bu dediyim ərəfə torpaqlarımızın tam azad olunmağından və bütün işğaldan xilas olan yurdlarımızda bayrağımızın ucaldığından sonrakı ərəfəsidirsə...
Elə müəllifin özünün də qeyd etdiyi kimi, bu kitabı Ulu öndərimiz Heydər Əliyevin 100 illiyinə bir töhfə saymaq olar. Müəllif kitabın birinci hissəsində şərəfli və fədakar ömür yaşayan Heydər Əliyevi Ümummilli lider kimiöndə tutaraq ötən yüz illiyə öz jurnalist qələmi və yazıçı-vətəndaş baxışı ilə nəzər salır. Gəncədə, həmin zaman aralığında ( hərgah, yüz il az zaman deyil..) baş verənlər Qalib Rəhimlinin qələminin, necə deyərlər, püxtələşdiyi dövrlərə təsadüf edir.Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrlərindəki əvvəlcə gənc Qalib, Respublikamızın müstəqilliyini qazandıqdan sonrakı illər isə artıq yaşa dolmuş Qalib nəyi düzgün hesab edirsə, onu da qələmə alır və özlüyündəki düzgünləri, həqiqətən də tarixin qaranlıq qatlarından qurtulub bu günəcən işıqlı yol gəlməkdədir.
Ulu öndərin Gəncəyə səfərləri və bu böyük, əzəmətli şəxsiyyətin - Nizaminin doğma yurdunda gördüyü əvəzsiz işlər öz əksini tapır. Jurnalistin zərgər incəliyi ilə qələmə aldığı sətirlərdə Heydər Əliyevinrəhbərliyi altında çiçəklənən və inkişaf edən qədim Gəncəni görürük. Gəncəni onunla birgə səyahət edir, bu günüylə qürurlanırıq.
“Ulu Öndər xalqın milli-mənəvi dəyərlərinə sahib çıxdı. Respublikanın rəhbəri ilk dəfə olaraq rəsmi tədbirlərdə çıxışlarını Azərbaycan dilində etməyə başladı. Bu, xalqın milli ruhunun ali hakimiyyət kürsüsündə öz ifadəsini tapması idi. Böyük rəhbər ana dilimizə bu münasibəti ilə xalqın tarixi köklərinə qayıdışını, milli-mənəvi dəyərlərimizə bağlılığını bəyan edirdi.” Başqa bir yazısında isə bir çoxlarımız üçün hardasa qaranlıq qalan Gəncədə baş verən məlum və məşum qiyamın necə yatırıldığına aydınlıq gətirməyə çalışır...
Kitabda həm Gəncə ziyalılarının, həm də o zaman Gəncədə fəaliyyət göstərən iş adamlarının tarixlərin qarşısına çıxardığı sınaqlardan üzüağ çıxmaq üçün çarpışan Azərbaycanın xilaskar oğlu Heydər Əliyev haqqında sətirlərə çevrilən qəlb döyüntülərinin səsini də az qala oxucu eşidir. Adım həmin sıralamada olmasa da, Ulu öndərimizə ithaf etdiyim şeirimdən bir parçanı da öz-özlüyümdə yadıma saldım, bir daha həmin sətirləri qürurla ədəbi yaradıcılığıma nəqş edilmiş gördüm:
“O tarixdi, bu diyarın şərəf tarixi,
Həm yaratdı, həm də yazdı, yaşadaq deyə.
O bu yurdu dirçəltməyi bacardı axır,
O səslədi bütöv xalqı səfərbəyliyə.

Onun adı çəkiləndə dilə gəldi xalq,
Ümidləndi, fərəhləndi, arxayın oldu.
Ona bata bilməmişdi köhnə ittifaq,
Harda olsa öz xalqına o həyan oldu.”

Qalib Rəhimli isə öz yazısını belə bitirir... “Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.”
Əslində isə müəllifin ürək sözləri təkcə bunlarla bitmir. Hiss edirsən ki, müəllifin ürəyində demədikləri dediklərindən daha çoxdur. Sadəcə bunu hələ ki, bu bir kitaba sığdıracaq gücdə və məqamda deyil...
Bəzən bir qələm adamı kimi düşünürsən ki, axı necə olur ki, lap yaxınında, doğmalarında hiss etmədiklərini minlərlə kilometrlərlə uzaqda yaşayan bir başqa qələm adamında hiss edir və düşünürsən. Bilirsən, duyursan və hiss edirsən ki, yüz min kilometrlərlə o üzdə olan bir adama sənin yaradıcılığına və iç dünyana qarşı etinasız deyil... Və bu, zamanla qarşılığını tapan, yaradan hisslərə çevrilir. Nəticəsində zəngin və səddtanımaz ruhuna çox zaman dar gələn bu dünyada tək-tənha olmadığına əmin olursan. Bu əminlik sənin əlindən tutur, sənə indi güc-qüvvət verir, sənin dayağın olur. 
... Və kitabın səhifələrini vərəqləyirəm... Kitabın ikinci hissəsi bir ayrı qürurlandırır oxucusunu. 
“Torpaq ətirli, şəhid ünvanlı, döyüş və döyüşçü ruhlu yazılar...”
Bu yerdə ağ vərəqlər sənə qan rəngində görünür... Üşüməyi keçməyib axı yenicə qan çilənmiş Qarabağ adlı bir yaramızın... Ancaq, təbii ki, bu yara artıq o göynədən yaradan deyil... Bu sağalacaq yaradır, qaysaq tutacaq yaradır... Bu ağrılı məqamda adamın şair olmağı əlindən tutur.
Doğrudan da heç olmayacaq kimi dadıma çatır bu şair ruhum... Vərəqlərdə gözünü tutan qan rənginin əslində heç də qan rəngi olmadığını düşünürsən... Sanki bir çöllükdə-çəmənlikdəsən, yığmısan ovcuna dəstə laləni, ləçəklərini qoparıb sıxırsan, barmaqlarının arasından süzülən qara-qırmızı şirə dönüb bir ağı olur... Ağbirçəkli nənələr kimi ağlayırsan o ağını, əminsən ki, səni özündən və təbii ki, Tanrıdan başqa bir kimsə duymayacaq:
“Arzuları qanadlı, 
üzü işıqlı Şəhid.
Həm qəhrəman, 
həm cəsur,
həm yaraşıqlı Şəhid.
Qalib Rəhimlinin yazdıqlarında şəhidlərimizə yanaşması da bir qələm adamı kimi özünəməxsusdur. O, uzaq Əfqanıstanda, Qarabağda baş verən hər iki savaşda, eləcə Qarakənd üstündə vurulan təyyarədə şəhid olan oğullarımızın əziz ruhuna eyni həssaslıqla yanaşır. Azərbaycan oğullarının qəhrəmanlığı, cəsarəti və hünəri ilə qürur duyur, fəxr edir. Gəncənin ilk şəhidlərinin, eləcə də şəhidlərin - Vidadinin, Yunisin, İsmayılın döyüş yoluna işıq tutur və Oğuz elini sanki əsl döyüş meydanına haraylayaraq yazır: “Xalqımın şərəfli tarixi, qeyrətli oğulları, bir dəli nərə ilə yeri-göyü lərzəyə salan igidləri var və bizə ağlamaq yox, döyüşmək lazımdır. Yalnız döyüşlə biz yaralarımıza məlhəm ola bilərik. İtirdiklərimizi belə qaytara bilərik. Bax elə buna görə də tək mənim yox, Xocalıda, Malıbəylidə, Kərkicahanda, Meşəlidə, Ağdamda, eləcə də respublikanın digər qaynar nöqtələrində min faciə ilə üzləşən oğullarımızın da ağlamağa mənəvi haqqı yoxdur.” 
Kitabı vərəqlədikcə müəllif həm də öz həmkarı,Azərbaycanın Milli QəhrəmanıAlı Mustafayevin şəhidliyinə yanırsan, şərik olursan, təkcə hönkürə-hönkürə Xocalı faciəsini lentə alaraq bu soyqırımı dünya ictimaiyyətinə çatdırması ilə yaddaşlarda qalan digər bir Milli Qəhrəmanımız, bir vaxtlar bizim Şabranda həkim kimi işləyən Çingiz Mustafayevinhəlakı ilə barışmaq ona ağır gəlir... Eyni zamanda da qorxmaz qadın jurnalistimiz Salatın Əsgərovanı, çətin dövlət məmuru Osman Mirzəyevi, o illər televiziyamızın əməkdaşları Fəxrəddin Şahbazovu, Arif Hüseynzadəni və Gəncə gil torpaq kombinatında çıxan “Əməkçi” qəzetinin müxbiri, sinəsinə fotoaparat əvəzinə silah basıb ilk gündən könüllü olaraq döyüşə gedən, bu yolda da şəhid olan Ruzigar Qasımovu xatırlayır..
. Qalib Rəhimlinin hələ 1992-ci ilin sentyabrında bizim igid bayraqdarımız Natiq Süleymanov haqqında qələmə aldığı yazısı var. Belə ki, əsl jurnalist olmaq üçün təkcə təhsil və təcrübə lazım deyil, eyni zamanda da içində bir yurd sevgisi, bir Vətən təəssübkeşliyi olmalıdır ki, bütün bunlardan qat-qat artığı Qalib Rəhimli də var... Təkcə şəhidlərimizə, qazilərimizə deyil, qaçqın və köçkün həyatı yaşayan insanlarımıza həsr olunan yazıları, bir oxucu kimi inanıram ki, ötən həmin ağır günlərimiz haqda yazıları zaman keçdikcə mətbu salnamələrə dönəcək və gələcək nəsillərə çatdırılacaq. O, 1990-1991-ci illərdə qələmi ilə necə “döyüşürdüsə”, bu gün də eləcə “döyüşməkdədir”. 
Əlbəttə, Qalib Rəhimlinin də öz istək və arzusu çərçivəsində qələmə aldığı yazılar da vardır. Hətta o yazılarda da müəllif kiməsə bir dost, kiməsə qardaş, kiməsə ata, kiməsə oğul oldu. Xeyirxahların xeyirxahlığından, əməkçilərin əməyindən, gözəl ürəkli insanların insanlığından bəhs etdi. Əsas olan odur ki, heç durmadı. Yazdı, yaratdı... Hər zaman öz ürəyinin diktəsi ilə qələmi əlinə aldı, ona sarıldı Qalib, yenə də daha çox ürəyi ilə hesablaşdı... Bilirdi ki, zaman gələcək, öz qəlbi bir vaxt ondan hesab soracaqvə o zaman o da vüqarla əlində həmin bu kitabı ilə, “Dedim bəlkə sözüm qala...” ilə alnıaçıq, üzüağ şəkildə dünyaya üzüağ təvazökarlıqla gülümsəyəcək. 
    “Hər şair yaradıcılığında öz ömrünü yaşayır. Sevinci, kədəri, vüsalı, sevdalı günlərini, zamanını, tarixini, gələcəyini yazır.”
Bu iki cümlə kitabın biz olan hissəsində yazılıb. “Biz” dedim, niyə dedim? Çünki həmin hissəyə ruh adamlarını, poeziya insanlarını soraqlaya-soraqlaya öz dünyasına doğma olanları tapıb yığıb müəllif. Həmin hissədə artıq ruh özbaşnalığı yaranır. Yorulan yolçulara yoldaş kimi dizini qatlayıb əyləşirsən öz içində. Qalan qalıb sənin istəyinə. Özünə əyləşdiyin yerdə taxt da qurub özündən şah seçə, şah kimi yaşaya bilərsən (bunu istəsən də bacarmazsan! ). Yaxud da, özünü həmin taxtdan salıb edam əmri ilə son ümid işığına tutunubmuş kimi yaşaya, yaşlana da bilərsən.( bax, budur sənin əzəli, əbədi taleyin!)
Müəllifin ruh adamları da özünə bənzəyir, həmin adamlar bir balaca kəpənək qanadının küləyi tuta bilən adamlardır... Bu qədər kövrəkdilər, həssasdılar... 
Qalib Rəhimli ədəbi-tənqidi yazılarında, kiçik hekayələrində də özünə sadiq qalır. Çiyninin yox, ruhunun daşıya biləcəyi qədər yük götürür.
“Qədim və zəngin yaradıcılıq ənənələrinə malik Azərbaycan ədəbiyyatı zaman-zaman gəncliyin gətirdiyi yeni nəfəslə ucalıb, inkişaf edib, özünə əbədi yaşam qazanıb. İstər qədim dövr, istər hər hansı bir rejim, istərsə də sözə azad meydan olsun-fərq etməz - yaradıcı insan özünü tanıdıb, təsdiq edib. İçində gəzdirdiyi fikirləri misra çələnginə çevirib, düşüncə və məntiqi ilə mənəvi qida boşluğunu doldurub. Beləcə həm ədəbiyyatımızın poeziya qolu güclənib, həm də oxucu bədii sözün sehri ilə qaynayıb qarışıb. Bu gün isə həqiqi mənada böyük istedadlar yetişir. Sərbəst düşünür, ürəyinin hökmünə qulaq asır və söz dünyasının möcüzəsini zərrə-zərrə insanların qanına hopdurur. O söz, o şeir sevilən olur ki, o doğrudan yazan insanın daxilindən qaynayıb gəlir.”
Bu, o deməkdir Qalib Rəhimlinin bir yazıçı gözü ilə ədəbiyyata öz baxış bucağı var və eyni zamanda da Azərbaycan ədəbiyyatının inkişafı bilavasitə gənclərin öhdəsinə düşəcəyinə əmindir... Gözəllik olur, halallıq olur, insanlar özündən sonra gələnləri düşünürsə.
Deməliyəm ki, kitabın redaktoru tanınmış yazıçı-jurnalist Rəfiqə Sadıqova, nəşrə hazırlayanı isə poeziyamızda xüsusi yeri olan şair Rafail İncəyurd İsmayılovdur. Yəni, Qalib Rəhimlinin təqdim etdiyi bu kitab həm də sözü kifayət qədər bilən, onu qiymətləndirən söz xiridarlarının süzgəcindən keçib.
Sonda nə olursa, “xeyirliyə olsun” arzusu var bizim ruh insanının. Düşünürəm ki, Ulu öndərin ruhu da şaddır. Çünki bu kitabda heç kim unudulmayıb. Nə siyasətçi, nə iqtisadiyyatçı, nə döyüşçü, nə ədəbiyyatçı...
Axı Heydər Əliyev də heç kimi unutmazdı. Hər kəsin layiqli qiymətini verərdi.
   Ümummilli liderin anadan olmasının yüz illiyi ilə çapdan çıxan bu kitab təbii ki, oxucuların diqqətini cəlb edəcək. 

AY Bəniz ƏLİYAR