Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi açılıb.
Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib.
Sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.
Həmçinin Bakı Beynəlxalq Kitab Sərgisinin Təşkilat Komitəsi tərəfindən şair Salam Sarvan və yazıçı Rövşən Abdullaoğlu sərginin fəxri yazarları seçiliblər. Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn, tanınmış alman yazar Vulf Dorn, Azərbaycan əsilli Fəriba Vəfi də sərginin fəxri qonaqları sırasındadırlar.
Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər.
“Beynəlxalq Kitab Sərgisi başlayıb. Hardadı nazirliklərimiz? Hardadı böyük şirkətlərimiz? Bağça uşaqlarını kitab sərgisinə gətirməklə hesab edirsiniz ki, işinizi bitirdiniz? Yox, belə olmur. Cənab daxili işlər naziri, sizi sərgidə görmək istəyirəm. Cənab baş prokuror, sizi sərgidə gözləyirəm. Milli Məclisin sədri, Sahibə xanım, siz intelektual insansınız, niyə sərgiyə gəlmirsiniz?”.
Sherg.az xəbər verir ki, bu sözləri “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu öz feysbuk hesabında yazıb:
“Bir nazir müavini gəlmişdi, dedi ki, "ən böyük hədiyyə kitab hədiyyəsidir." 500 manatlıq kitab yığdı, heç bir ödəniş etmədi. Yenilikçi Mikayıl müəllim, sizi də sərgiyə dəvət edirəm. Səfirlər, diplomatlar, böyük şirkətlər, komitə rəhbərləri – kollektivinizlə sərgiyə gəlin. Bu sərgi sizlər üçündür. Azərbaycan kitabı sizi gözləyir!”.