Qürbətdəki bayramın mübarək, Ana! - İlqar Yusubov poeziyası

Əslən Gürcüstanın Qarayazı bölgəsinin Nəzərli elində doğulan İlqar Yusubov uzun illərdir ki, həkim-cərrah kimi insanların sağlamlığının keşiyindədir. O, tibb sahəsində səmərəli fəaliyyəti ilə yanaşı, çoxsaylı beynəlxalq elmi konfransların iştirakçısı olmuş, tibb üzrə fəlsəfə doktoru adına layiq görülmüş, bir sıra dərslik və elmi məqalələrin müəllifi kimi tanınmışdır.

İlqar Yusubov yalnız peşəkar həkim deyil, həm də vətəninə bağlı, humanist bir ziyalıdır. Doğma Qarayazının saf təbiəti, xalq ruhuna bağlılığı və həkimlik sənətindən gələn mərhəmət hissi onun poetik yaradıcılığında da öz əksini tapır. İlqar Yusubovun şeirlərində vətən sevgisi, insanlıq duyğusu, həyat eşqi və mənəvi dəyərlər xüsusi səmimiyyətlə ifadə olunur. Onun yaradıcılığı həm xalq ədəbiyyatının ruhundan, həm də müəllifin zəngin daxili dünyasından qidalanır.

Bu gün sizə İlqar Yusubovun ana nisgilini və bu ağrını dərin duyğularla əks etdirən dəyərli bir poeziya nümunəsini təqdim edirik. “Qürbətdəki bayramın mübarək, Ana!” şeiri haqqın dərgahına qovuşmuş anaya olan həsrətini təsirli poetik dillə ifadə edir.

Şeirdə yurd, vətən sevgisi və ana nisgili bir-biri ilə vəhdət təşkil edir, sanki görüşür, salamlaşır və qucaqlaşır. Bayram sevincinin içində gizlənən ayrılıq ağrısı oxucuya dərin emosional təsir bağışlayır. Şairin səmimi və kövrək ifadələri hər bir insanın qəlbində doğmalıq hissi oyadır.

Bu əsər yalnız bir şeir deyil, həm də dünyasını dəyişmiş anaya ünvanlanan sevgi məktubu, vətənə, ana və ata ocağına bağlılığın poetik etirafıdır. Xüsusilə qürbətdə yaşayan soydaşlarımız üçün bu şeir mənəvi körpü rolunu oynayır, insanı doğma yurda, ailəyə və əziz xatirələrə bağlayır.

"Sherg.az" İlqar Yusubovun anasının timsalında haqqın dərgahına qovuşmuş bütün analara və atalara Allahdan rəhmət diləyərək onun “Qürbətdəki bayramın mübarək, ANA!” şeirini təqdim edir.

Qürbətdəki bayramın mübarək, Ana !

Daha öyrənirəm dua etməyi

Surələr, ayələr bilirəm, Ana.

Büküb əllərimi sıxıb qoynuma

Qibləni səcdəyə gəlirəm, Ana.

***

Bu qış üşüdünmü- yerin buz kimi

Adında tamın var şəkər, duz kimi,

Yığıb yan- yörəni evimiz kimi

Səhmana salıram, silirəm, Ana

***

Dəyişib içimdə təpərlərimi

Türbəndən salıram səfərlərimi.

Hər yaz darayıram çəpərlərini

Yanında - yörəndə gəzirəm, Ana.

***

Gəzirəm yolunu, çıxışlarını

Dualı sözünü, alxışlarını

Kövrək gözlərində gözyaşlarını

Gözümdən içimə süzürəm, Ana.

***

Boxçanı tökürlər evdə bacılar

Köhnə paltarından gül iyləyirəm.

Demişdin toxdaq dur qapı-bacada

Yalandan hamıya gülümsəyirəm.

***

Gələrdim yanına harayla, hayla

Bilməzdim kədəri, qubarı, Ana

Daha yüklənirəm dərd dolu payla

Yollar yola salır İlqarı, Ana .