- Hər kim salehlər ədəbinə bürünübsə, onun yayğısı kəramət yayğısıdır.
- İbn Ata
Azərbaycanın müstəqilliyindən sonrakı zamanda ədəbi-mədəni mühitdə daha çox marağa səbəb olan və çeşidli əsərlərilə geniş auditoriyanın diqqətində nümunəyə çevrilən ədiblərimizdən biri Salatın Əhmədlidir. Bütün ruhu, varlığı ilə xalqın zəngin mənəvi dəyərlərinə, min illərdən süzülüb gələn etnoqrafik mükəmməlliyinə, davranış və yaşam fəlsəfəsinə köklənən bu böyük ziyalımızın yaradıcılığı, gördüyü gərəkli işlərlə bağlı müxtəlif vaxtlarda düşüncələrimi yazıya gətirməyə həssaslıq göstərmişəm. İndi də bəzi məqamları deməyə ehtiyac duyuram.
Klassiklər yaradıcılıqda şəxsiyyət məsələsini xüsusi olaraq vurğulayır. Müxtəlif əsrlərdə yaşamış ədəbi-nəzəri fikrin görkəmli nümayəndələri yaradıcı şəxsiyyətini bir tərəf olaraq əsas götürmüş və onun mahiyyətini, geneoloji sistemində dayananları aydınlaşdırmağa çalışmışlar. On doqquzuncu əsrin görkəmli tənqidçisi mühit səviyyəsində ədəbi prosesi şərh edərkən vurğulayırdı ki, “şairin (yazıçının) yaradıcılıq fəaliyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan poetik ruhundadır, buna görə də onun əsərlərinin ruhunun və xarakterinin izahını birinci növbədə şəxsiyyətində axtarmaq lazımdır. Əgər siz hansısa ədibin şəxsiyyətini ciddi, qərəzsiz, ədalətli tədqiq edib öyrənmiş və düzgün başa düşmüşsünüzsə, o halda siz küləyin gücünə, öz şıltaq fantaziyanızın göylərində hara gəldi baş alıb getmirsiniz, yerdə ayaqlarınız üzərində möhkəm dayanırsınız, siz daha sənətkardan özünüzün arzu edə biləcəyiniz şeyi tələb etmirsiniz, indi siz onun özünün sizə verdiyini qiymətləndirirsiniz, siz özünüzü və başqa şəxsiyyətləri onunla qarşılaşdırırsınız, indi siz onun özünü olduğu kimi, necə varsa, eləcə də görürsünüz, siz daha öz fikir və rəylərinizi ona sırımır, onun öz ideya və anlayışlarını götür-qoy edir, onların haqqında düşünürsünüz”. S.Əhmədlinin yaradıcılığını bu konseptual nəzəriyyə aspektində təhlil etdikdə gözlərimiz önündə nümunə olacaq bir əlçatmazlıq dayanır. Bütün bunlar isə yaradıcı şəxsiyyəti kontekstində gördüyü böyük işlərin mahiyyətində olanları çeşni kimi gözlərimiz önünə sərgiləyir.
“XIX əsr Azərbaycan ədəbiyyatı” (T.Əhmədovla birlikdə), “Şairlər vətəni bizim tərəflər” (B.Vüsalla birlikdə), “H.Cavidin ev muzeyi”, “Poylu beşiyindən məktub”, “Səfərnamə”, “Həcc ziyarəti”, “Şərəfli ömür yolu” (H.Rüstəmzadə ilə birlikdə), “Hər kim yüz il unutmasa”, “İncilər” (F.Ləmanla birlikdə), “Bir elatın folklor yaddaşı” və s. kitabları xalqın mədəniyyətinə, tarixinə, milli-mənəvi kimliyinə sonsuz sevgidən yoğrulmuşdur. Çoxşaxəli və çoxqatlı mövzu problematikası ilə diqqət önünə gələn bu böyük abidələrin ortaya çıxması elə də asan məsələ deyildir. Sonsuz vətən və yurd sevgisi ilə yaşayanlar, ilahi vurğunluğa köklənənlər ancaq və ancaq bunları bir araya gətirib reallaşdıra bilərlər. Fərqli istiqamətləri və fərqli təhlilləri zəruriləşdirən bu kitablar uzunmüddətli gərgin əməyin və yüksək təfəkkür intelleksiyasının nəticəsi olaraq ortaya çıxmışdır.
Mətbuat səhifələrində S.Əhmədlinin bir-birinin ardınca çıxan məqalə araşdırmaları, eləcə də bədii yaradıcılığı (esse, hekayə və s.) son dövr ədəbiyyatımızın zənginlik axarını müəyyənləşdirən nümunələrdir. Ədəbi proses bununla, bu axarda olanlarla öz yolunu müəyyənləşdirir və müxtəlif istiqamətli yanaşmaları zərurətə çevirir.Qarşımda ədəbiyyatşünas alimin yaxın zamanlarda nəşr olunan bir-birindən maraqlı kitabları var, indi isə deyəcəklərim onlarla bağlıdır. Ümumiyyətlə, Salatın Əhmədli adının altında ehtiva olunana təsəvvür Burla xatundan, Banuçiçəkdən, Selcan xatundan Möminə xatuna Tuti Bikəyə və günümüzə daşınanların milli təəssübkeçlik, kimlik timsalında kodlaşması modelidir. Dünyanın o üzündən günümüzə gələn yolun polifonik xarakterini və mahiyyətində özünü nümayiş etdirdiyi təsəvvür ucalıq konsepti olaraq nəsildən-nəslə ötürülür.
Çağdaş dövr ictimai-siyasi, ədəbi-mədəni, sosial-iqtisadi mürəkkəbliklərin (həm də mərkəzdən qaçmaların) baş alıb getdiyi bir dönəmdir. Virtual aləmdə olanlar, təsəvvürlərin və normativlərin zədələnməsi istiqamətində gedən proseslər, sosial şəbəkələrin məqsədli (və ya məqsədsiz) hər şeyi geniş auditoriyaya yönləndirməsi bir həyacan siqnalı olaraq narahatçılıq yaradır. Bununla yanaşı, həm də özünütəşkili, özünəqayıdışı əsas olaraq prinsipləşdirir. Baş verənlər, demək olar, bütünlükdə Azərbaycan boyu (Azərbaycandan kənarda olanlar bir yana) boyük narahatçılıqlarla diqqət önünə gəlir. Dünya düzənində qloballaşma adı altında gedən proseslər geniş anlamda onunla paralel addımlayacaq xalqların mənəviyyat təsəvvürlərinin aparıcılığını zəruriləşdirir. Çünki qloballaşma bir istiqamətdə aşınmaları, milli mədəniyyətin dağıdıcı missiyasını ön xəttə çıxarır. Son dövrün mürəkkəb prosesləri özünütəşkil səviyyəsində özünü qoruya biləcək xaqların xoşbəxtliyinin öz dəyərlərinə sahib çıxmasını bir konsepsiya olaraq göstərir və həm də zəruriləşdirir. Ədəbiyyatşünas, dilçi, folklorşünas, kulturoloq Salatın Əhmədlinin əsərləri bütün mahiyyətilə bu missiyanı əsas götürməklə gediləcək yolun ümumi sistemini qurmağa yönəlmişdir.
Xüsusilə toplama və tərtibləri, xalqın mədəniyyətinə sahib durmaq missiyası ilə gördüyü gərəkli işlər, bayatı, nəğmə dolu kitabları bir əxlaq. mənəviyyat örnəyi olaraq gənc nəslin formalaşmasına nümunə olacaq örnəklərdir. Görkəmli şair, yazıçı, ictimai xadim Ə.Xələfli “Salatın Əhmədli düşüncə axarında” kitabında yazır: “Salatın Əhmədli dövrümüzün tanınmış qələm adamıdır. O, ədəbiyyatın müxtəlif janrlarında qələmini sınayıb, ayrı-ayrı vaxtlarda dəyərli əsərlərilə diqqəti cəlb edib. Onun yaradıcılığı son on beş-iyirmi il ərzində ədəbi mühitin diqqətində olub. Əsərlərini təhlil edən, yaradıcılığına münasibət göstərən müəlliflər heç də az deyil. Demək olar ki, onun hər bir əsəri haqqında rəylər yazılıb, müxtəlif istiqamətli ədəbi qeydlərdə fikir və mülahizələr ümumi oxucu aləmi ilə təmas yaradıb.
Salatın Əhmədli söz içində böyüyüb, sözlə daim ünsiyyətdə olub. İstedadı ilə zəhmətinin vəhdəti onu çoxdan bir yazıçı kimi tanıdıb. Əgər belə demək mümkünsə, o, dəyərli əsərləri ilə özünün müəlliflik haqqını təsdiq edib. Romanları, povestləri, bir çox maraqlı hekayələri ardıcıl olaraq mətbuatda nəşr olunub”.Mövzu və janr mündəricəsi ilə seçilən əsərləri hər birisi ayrıca tədqiqatı zəruriləşdirir. Xalq ədəbiyyatı sahəsində gördüyü işlər, eləcə də yazıçı və folklor aspektində kitablarının tədqiqə gətirilməsi ayrıca bir hissədir.
Azərbaycan folklorşünaslığı yazıçı və folklor baxımından müstəsna əhəmiyyət kəsb edəcək elmi-nəzəri təsəvvür formalaşdırmışdır. N.Gəncəvinin, A.Ərdəbilinin, Ə.Təbrizinin, Ş.İ.Xətainin, M.Füzulinin, M.V.Vidadinin, Fədainin, Məsihinin, M.P.Vaqifin, Q.Zakirin, M.F.Axundzadənin, Ə.Haqverdiyevin, C.Məmmədquluzadənin, C.Cabbarlının, S.Vurğunun,M.Müşfiqin, O.Sarıvəllinin, H.Arifin, Z.Yaqubun və s. böyük simalarının yaradıcılığının folklor qaynaqlarının araşdırılması sahəsində gərəkli işlər görülmüşdür. Çünki folklor xalqın müqəddəsidir və müxtəlif zamanlarda yaşamış sənətkarlar özlərinin dünya şöhrətli əsərləriniyaradarkən xalqın zəngin yaradıcılıq xəzinəsindən bəhrələnməklə əbədiyaşarlıq qazanmışlar. Filologiya üzrə fəlsəfə doktoru, dosent S.Əhmədlinin elmi-nəzəri aspektli tədqiqatları, eləcə də toplama və tərtib işləri və bədii yaradıcılığı bu istiqamətdə əsaslı material verir. Ədibin dilçilik görüşlərinin mahiyyətində də bunlar özünü bir tərəf olaraq nümuayiş etdirir.
Təxminən on beş il bundan qabaq S.Əhmədlinin “Bir elatın folklor yaddaşı” adlı möhtəşəm kitabı ədəbi ictimaiyyətə təqdim olunmuşdu. Eyni adda (“Bir elatın folklor yaddaşı”) yazı yazıb orada olanları və böyük zəhməti imkanlarım daxilində təhlil etməyə çalışdım. Orada yazdığım bir məqamı təkrar vurğulamaq məqsədindəyəm və deyirəm ki, “Salatın Əhmədli ədəbi-mədəni mühitimizdə dilçi alim, publisist, tərtibçi, ədəbiyyatşünas kimi tanınıbdı. Onun yaradıcılığında mühüm bir hissəni folklorşünaslıq fəaliyyəti tutur. O vaxtaşırı xalq ədəbiyyatımızın problemləri ilə bağlı maraqlı yazılarla çıxış edir. Folklorumuzun toplanması və nəşri qayğısına qalır. Onu da əlavə edək ki, müasir folklorşünaslıqda toplama və tərtib işlərini müvazi aparmaq özü çətindi. Həm də etiraf edək ki, hər folklorşünasa da nəsib olan məsələ deyil. Bu istiqamətləri özündə birləşdirən folklorünaslarımız çox az olubdu. Daha doğrusu, barmaqla sayılan qədərdi. Salatın Əhmədli isə çoxşaxəli fəaliyyəti ilə nəinki topluları, hətta tərtibləri, nəzəri mülahizələri ilə bu gün ədəbi mühitimizə diktə edir. Onu aparmağın mümkünlüyünü işləri ilə aydınlıqla göstərir. “Hər kim yüz il unutmasa”, “Şərəfli ömür yolu”, “Şama bənzəyən ömür”, “Sənsiz” kitabları bunun bariz nümunəsidir”. Buraya ədibin bədii yaradıcılığını, “Zəfər bizim zəfərimizdir” kitabına (Bakı: SkyE, 2024. 296 s.) toplanmışhekayə və esselərini də əlavə etmək olar.
“Kişilik səngəri”, “Alın yazısı”, “Başdaşı əhvalatı”, “Hökmü zaman verir”, “Bir məhbusun gündəliyi”, “Sədaqət”, “Bu yol hara gedir” və s. ədəbi nümunələri geniş oxucu auditoriyasına çoxdan tanışdır. Burada müəllifin həyat həqiqətinə əlavə etdiyi bədii həqiqət aspektində əlavələri onun düşüncə axarında imkanlarını, yaradıcı simasının nələrə kökləndiyini aydınlıqla nümayiş etdirir. “Zəfər bizimdir” kitabına toplanmış hekayələr (“Alınmış qisas”, “Vətənin dəliləri”, “Fədakarlıq”, “MAXER Elman”, “Qartal yuvası”, “Könüllü döyüşçülər”, “Şəhidlik zirvəsi”, “Yolumuz Xocavəndədir”, “Kəşfiyyatçı Qəni”, “Sümüyə dayanmış bıçaq”, “Ata yurdu”, “Alınmış qisas” və s.) hər birisi xalqımızın vətən, yurd sevgisini,mənəvi zənginlik səviyyəsində kutsallığını bir tarix olaraq əbədiləşdirməyə həssaslıq göstərir.
Bədii düşüncə xalqın həyat hiqiqətini, reallığa münasibəti, tipik vəziyyətdəki baş verənlərin ümumi mənzərəsini müxtəlif formalarda, epik təhkiyənin sərhədləri daxilində əks etdirməyə üstünlük verir. Son dövrün, daha doğrusu keçən əsrin səksəninci illərinin axırından yaşananları S.Əhmədli bir tarix, xalqımızın qarşılaşdığı acılar və mücadilə amalı olaraq bədii sferaya gətirir. Azərbaycan xalqının, ümumilikdə türk xalqının keçib gəldiyi yol qəhrəmanlıq və şərəf tarixidir. Epos təfəkküründə daşınanlar, qədim bahadırlıq dastanları, amazonkaların Qafqazdakı həyatına aid mənbələrin verdiyi bilgi buna nümunədir. Salatın Əhmədlinin bədii nəsri də müxtəlif aspektlərilə bunu ifadəyə və yaşanan bir tarix kimi gələcəyə ünvanlamağa köklənir. Məsələn, “Ata yurdu” hekayəsindəki döyüşçünün (Muradın) “bax bu yerlər atamın ata yurdudur” deməsi sırf yaşanan tarixi reallığın ifadəsi olaraq əsaslı bir tarixi özündə ehtiva etməsilə təsiredicilik sərgiləyir.
Müasir ədəbi proses müxtəlif səviyyələrdə xalqın yaxın onilliklərdə yaşadıqlarını, müharibənin vurduğu acıları, Qərbi Azərbaycan itkisini, tarixi mədəniyyət abidələrinin düşmən tərəfindən məhvini təqdimə həssaslıq göstərməklə diqqət önünə gəlir. Poeziya, nəsr, dramaturgiya, publisistika sahəsində olan gərəkli nümunələr bir tarix olaraq xalqın yaddaşına öz izini qoymaqla spesifikləşir. Ümumiyyətlə, ədəbiyyatın şifahi və yazılı qolunda son otuz ildə yaşananlarla bağlı qəhrəmanlıq, vətənpərvərlik dolu nümunələr ayrıca bir hissədir və sistemli araşdırmaları zəruriləşdirir. S.Əhmədlinin bədii nəsri (hekayə, povest, roman və esseləri) bütün ruhu, məzmunu ilə bir istiqamətdə baş verənlərə münasibətinin ifadəsidirsə, digər aspektdə yaradıcı məfkurəsinin zənginlik axarını açıqlayır. “Kəşfiyyatçı Qəni”də başlanğıc epizoda diqqət yetirək və burada obrazlaşmanın xarakteri təbiilik sərgiləməklə nümunəyə çevrilir. “Müharibədə ən ağır qüvvə kəşfiyyatçının üzərinə düşür. On altı yaşında Şuşa uğrunda döyüşə girmişəm. O zaman məni döyüş meydanlarından çıxarmalarına imkan verməmək üçün adımı dəyişdirdim. Sonra uşaqlardan biri dedi ki, a qəqəni, sən bir ad fikirləş, onu sənə deyək, o adla səni çağıraq. Uşaqlardan biri gülüb dedi:
-Adı özün dedin də. Qəqəni”. Xalqın zəngin folklor yaddaşı müxtəlif formalarda özünü təzahür etdirmələrlə və təbii prosesdə olanlardan qaynaqlanmalarla yoluna davam edir. Yaradıcı düşüncəsi bunlardan bəhrələnməklə epik təhkiyəyə əlavə ovqat qatmaqla təsirediciliyi artırır. S.Əhmədli də bunlardan, xalq yaddaşında müəyyənləşmiş klişe və qəlibləşmələrdən bəhrələnməklə əsərə bir oxunaqlıq qatır. Dil və üslub zənginliyi və özünəməxsusluğu yaradıcı taleyini və həm də istedadını müəyyənləşdirən məsələlərdəndir. Çünki bunlar bədiiliyin mühüm şərtlərindəndir və sənətkar bunlar sayəsində hansısa epizod, kiçik hadisə səviyyəsində elə bir lövhə cıza bilir ki, orada bir roman təsirediciliyinə bərabər fikir və düşüncə özünə yer alır. Bədiilikdən uzaq düşmək isə sözçülüyə meyillənmək deməkdir. Yaradıcı istedadı özünü sözçülük sərhədləri daxilində deyil, bədiiliyin müəyyənləşdirdiyi səviyyədə nümayiş etdirir və həm də yaradıcının taleyini müəyyənləşdirir. S.Əhmədlinin bədii nəsri, hekayələri bu baxımdan bir neçə səhifədə böyük bir təsəvvürü, yaşanan tarixi təqdimlə spesifikləşir.
“Vətən “dəliləri” hekayəsi adın ehtiva etdiyi sərhədlər daxilində mahiyyəti açıqlayır və dilin zənginliyi kontekstində hər hansı bir ifadə, epizod baş verənlər miqyasında yazıçı idealını açıqlaya bilmək gücü ilə spesifikləşir. “Keçdiyimiz və irəlilədiyimiz ərazilərdə düşmən gəldiyimizi bilən kimi hücuma keçirdi, amma qarşımızda dözüm gətirməyərək ya təslim olurdu, ya da qaçırdı. Növbəti əməliyyata uyğun hərəkət edirdik. Yarım saat vaxt verilmişdi ki, dincimizi alıb irəli gedək. Ətrafda yanan, məhv edilən hərbi texnikalar vardı. Düşmən hərbi hissələrini, hətta yararlı-yararsız silah və sursatlarınıqoyub qaçmağa məcbur olmuşdu.
İrəlidə 951deyilən istiqamətdə yeriyirdik. Qarşıda böyük post olduğu barədə məlumat almışdıq. Düşmən hərbi və canlı texnika ilə möhkəm təmin olunmuşdu. Strateji cəhətdən ən önəmli postlardan biri idi və düşmən o postu verməmək üçün işğal altında olan ərazidən də xeyli qüvvə ilə yardım göndərirdi. Dəfələrlə irəli yerimək istəsək də itki verib geri çəkilirdik. Postu heç cür ələ keçirmək mümkün deyildi. Çünki onlar beton piltələrin altında qurulmuş xüsusi istehkamlarda möhkəmlənmişdilər”. S.Əhmədli yazıçı məfkurəsində olanlardan çıxış etməklə mövzuya çevirdiyi əhvalatı xüsusi dəqiqlik və həssaslıqla öyrənməyə diqət yetirir.
Canlı müşahidələr, baş verənlər haqqında bir yazıçı, ziyalı olaraq yaradıcılıq süzgəcindən keçirən ədib müharibənin ağrılarını və qəhrəman oğlanların süzaətini, işğal olunmuş torpaqlar uğrunda mücadiləsini ayrı-ayrı epizodlar əsasında ümumiləşdirir. Burada epik təhkiyənin imkanları və xalq dilinin zənginlikləri miqyasında əksini tapan hadisələr bir vətənpərvərlik və tərbiyə örnəyi olaraq nümunəyə çevrilir. S.Əhmədlinin bədii yaradıcılığı üçün əsas məsələ onun dil zənginliyi və mövzunu süjet axarında özünəməxsus üslubda sadə şəkildə çatdırmasıdır. Məlum olduğu kimi. Sadəlik bədii əsərin mündəricəsinə daxil olan məsələdir və yaradıcı imkanlarına bağlanır. Ədəbi-nəzəri fikirdə gözəllik kateqoriyasına aid edilən məsələdir, həm də həqiqətin gözəlliyi kimi şərh olunur. Ümumiyyətlə,bədii əsərin gücü sadəlikdədir və S.Əhmədli düşüncəsi bütün tərəflərilə həmin keyfiyyətə həssaslıq göstərməklə şərtlənir.
Azərbaycan bədii nəsri keçib gəldiyi tarixi yol aspektində əfsanə, əsatir, nağıl, rəvayət, dastan, məsəl timsalında əsaslı bir rəngarənglik, həm də zənginliklə spesifikləşir. Ədəbiyyatın yazılı qolu bunlardan istifadə etməklə on səkkizinci yüzillikdən günümüzə qədər olanlar timsalında mükəmməl bir baza formalaşdırmışdır. Klassiklər vurğulayırlar ki, “həyat haradadırsa poeziya, bədii düşüncə, epik təhkiyənin modelləşdirdiyi nümunələr də oradadır”. Məzmun isə dahi və ya istedadlı sənətkarın həqiqi meyarları daxilində reallaşır. “Uçurulmuş sədlər”, “Alın yazısı”, “Vətən naminə” əsərləri əsasında hazırlanmış ssenarilər ədəbiyyatımıza töhfədir. Xalq şairi Söhrab Tahir “Fədakar tədqiqatçı-yazıçı” adlı məqaləsində Salatın Əhmədlinin yaradıcılığına qısa və konkret münasibət bildirərək “bizim Salatın” deyə qənaətlərini bölüşür və deyir ki, “mətbuatımızda, ədəbi orqanlarda Salatın Əhmədli imzası tez-tez görünür. Xüsusilə “Kredo” qəzetində ardıcıl olaraq elmi-publisist və tədqiqat yazıları ilə çıxış edir. Bizim Salatın xanımla ictimai və yaradıcılıq əlaqələrimiz də qırılmazdır. O, Dünya Azərbaycanlıları Mədəniyyət mərkəzinin fəallarından biridir. Çox açıq fikirli, fanatizmə qarşı mübariz bir xanımdır. İndi belə geniş dünyagörüşlü, əli qələmli ziyalı xanımlarımıza ehtiyac çoxdur. Xüsusən də Salatın kimi xanımlara. “Kredo” qəzetinin səhifələrini çevirəndə düşünürəm ki, Salatın xanımın nə isə yeni bir yazısını oxuyacağam”. Doğrudan da, çağdaş ədəbi-mədəni, ictimai-siyasi mühitimizdə Salatın xanım kimi geniş dünyagörüşlü xanımlarımıza böyük ehtiyac vardır. Gördüyü böyük işləri, bir-birindən maraqlı məqalələri, kitabları bunun göstəricisidir.
Ədəbiyyatımıza, mədəniyyətimizə göz, könül xoşluğu (həm də qeyri-adi əzmkarlığı) ilə xidmət edən Salatın Əhmədli yazıb-yaratdıqları ilə xalqımızın yaxın-uzaq canlı tarixidir. “Ağstafa-Qazax bölgəsinin izahlı dialektoloji lüğəti” bunun göstəricisidir. Etiraf edək ki, Qazax ədəbiyyatımızın, mədəniyyətimizin beşiyi olan məkanlardandır. Etnoqrafik zənginliyi, kulturoloji mükəmməlliyi və ibtidai düşüncədən daşınanların möhtəşəmliyi ilə xüsusi marağa səbəb olan bu bölgə müxtəlif istiqamətli təhlilləri zəruri edir. Düzdür, on doqquzuncu yüzillikdən günümüzə qədər müxtəlif istiqamətli araşdırmalar aparılmış, təhlil yazılar yazılmışdır. Salatın Əhmədli isə ədəbiyyatımıza, mədəniyyətimizə ucu-bucağı görünməyən töhfələr verən Akstafa-Qazax bölgəsinin izahlı dialektoloji lüğətini hazırlayıb geniş ictimaiyyətə təqdim etmişdir. Etiraf edək ki, belə bir abidənin yaranması ancaq və ancaq vurğunluqla mümkün ola bilər. Burada illərin zəhməti var, həmin regionu kənd-kənd, ev-ev gəzib dolaşmaq, bir ömür sərf etmək lazım gəlir. Salatın Əhmədli elmimizə, mədəniyyətimizə “Ağstafa-Qazax bölgəsinin izahlı dialektoloji lüğəti” ilə əvəzsiz töhfə vermişdir, həm də bir məktəb kimi gediləcək yolun konseptini işləmişdir. Bütün bunlar hörmətli ziyalımız Salatın Əhmədlinin həyat hekayəti, nümunə olacaq ömür səhifələridir.
Mahmud ALLAHMANLI,
filologiya elmləri doktoru, professor