“Qanun” Nəşriyyatının direktoru, ictimai xadim Şahbaz Xuduoğlu qocaman yazıçı Əlisa Nicatı ziyarət etdi, 90 yaşının tamam olması münasibətiylə onu təbrik etdi, söhbətləşdi, yaşayışı, güzəranı ilə maraqlandı və ziyarəti barədə sosial şəbəkə hesabında paylaşım etdi.
İctimaiyyətin reaksiyası isə, təbii bir şəkildə, fərqli oldu. Əlisa Nicata maddi dəstək vermək istəyənlər çox oldu və Şahbaz bəy müraciətləri nəzərə alaraq yazıçının bank hesabını paylaşdı. Eni zamanda Əlisa Nicatı “filfilo” adlandıran, onun Azərbaycan xalqını təhqir etdiyini irəli sürərək hazırda sosial şəbəkədə tənqidi paylaşımlar edir.
Fəlsəfə doktoru Etibar Əliyev yazır:
“Əlisa Nicat: “Mənim xalqım Azərbaycan xalqı deyil, mənin xalqım Azərbaycan xalqının min nəfəridir”. Bu filfilo müsahibələrinin birində Jirinovskidən sonra xalqımızı qoyun adlandıran ikinci nadandır. Dünya tarixində öz xalqını belə həqarət edən yazıçı və filosofa rast gəlmisinizmi? Bunun cavabı niyə verilmir? Bu şir ürəkli xalq torpaqlarını işğaldan azad etmək üçün 30 mindən çox şəhid verib. Bir yaramaz və sarsaq qoca isə xalqı qoyun adlandırır. Peyğəmbərimizi aşağılayır… Adam bütün türk düşüncə dühalarını açıq- aşkar təhqir edir”.
Sherg.az Şahbaz Xuduoğlunun bu duruma münasibətini soruşub. Onun cavabı belə oldu:
- Baxın, müxtəlif yazıçılar fikirlərini bu cür ifadə edir. Deyirlər, məsələn, mənim oxucum 100 nəfərdir. Mənim xalqım 1000 nəfərdir. Yəni, bunu o mənada deyirlər ki, onu duyan, onu başa düşən xalqın içində 1000 nəfərdir. Kimsə bu şəkildə danışırsa, bu o demək deyil ki, xalqı aşağılayır, yaxud xalqına nifrət edir, öz xalqını sevmir... Xalqı ən çox tənqid edən Mirzə Cəlildir. İndi Mirzə Cəlil olmamalıdır?! Yazıçının ən böyük ustalığı, öz xalqını həm də tənqid etmək və onu arzuladığı bir səviyyəyə yüksəltməkdir. Burada qeyri-adi nə var ki?! Onda deyək ki, Mirzə Cəlil bu xalqa “ölülər” deməməli idi?!. Yaxud, “Danabaş kəndinin əhvalatı” xalqın nə qədər kölə və qul olmasını göstərən bir hekayət deyilmi?! O mənada bu cür yazıçılara, bu cür qanadlı fikirlərinə görə onları əsla, bir mənalı şəkildə yozmaq olmaz. Mən belə fikirləşirəm.
Şahbaz Xuduoğlu Əlisa Nicatı qocaman yazıçı olaraq ziyarət etdiyini və onun güzəranını gündəmə gətirmək istədiyini bildirdi:
- Əlisa Nicatın 90 yaşı var. Yaşlı adamdır. Sovet dövründə də bu imza çox məşhur idi. Tək-tək belə insanar qalıb, çox azdır onların sayı. Mən də qocaman yazıçının kitablarını imkan olanda nəşr edirəm. Onu ziyarət etdim, 90 yaşını təbrik etdim. Kimlər necə rəy yazırlar, öz işləridir. Mən fikrimi açıqladım. Ümumiyyətlə mən gözdən-könüldən uzaq olan yazıçıları çalışıram diqqət mərkəzinə gətirim. Cəmiyyətimiz görsün, unutmasın, onlara hörmət etsinlər, qayğısına qalsınlar. Bu cür insanların mütləq şəkildə qayğısına qalmaq lazımdır. “Ailəsi varmı, yoxmu”, bunlar yersiz söhbətlərdir, çünki bu insanlar o hüdudları keçiblər artıq. Gərək cəmiyyət, dövlət onların qayğısına qalsın. Bu mənada gərək hammız həmrəy olaq ki yaş onları təkləməsin, özlərini köməksiz, tənha hiss etməsinlər.