Ekoloq: Kür çayında, Xəzər dənizində balıq ehtiyatları xeyli azalıb

Bu səbəbdən də su hövzələrində balıq ehtiyatlarının qorunmasına xüsusi diqqət yetirilməlidir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib ki, Kür çayında qanunsuz ov günbəgün artır, buna nəzarət yoxdur: “Həm də ötən illərdə daşqınlar oldu, daşqınların fəsadları hələ də qalmaqdadır. Kür çayının da monitorinqlərində deputatlar yaxından iştirak etməlidir”.
O həmçinin Milli Məclisdə sahibsiz heyvanlarla rəftarla bağlı dinləmə keçirilməsini təklif edib: 
“Regionlarda bilmirlər ki, sahibsiz heyvanlarla necə rəftar edilsin. Sahibsiz heyvanlara rəftarla bağlı standartlar qəbul edilməlidir. Bakıda, Gəncədə bəzi imkanlar var, amma digər regionlarda nə icra, nə digərləri bilmir ki, sahibsiz heyvanlara necə davransın. Bəzən biabırçı mübarizə metodu seçilir, videolar yayılır”.

Parlamentarinin fikirlərini "Sherg.az"a şərh edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyir ki, tilov və ya tor vasitəsilə balıqçılıq üçün müəyyən icazələr mövcuddur:

"Xüsusilə də ənənəvi balıqçılıqla məşğul olan regionlarda insanlar rahat balıq tuta bilirlər. Lakin balıqçılıqla bağlı bəzi  qadağalara hər kəs – istər yerli sakinlər, istərsə də kənardan gələn şəxslər – bu qaydalara riayət etməlidir. Çünki qanunsuz balıqçılıqla adətən xüsusi dəstələr məşğul olur. Son illərdə həm Kür çayında, həm də Xəzər dənizində balıq ehtiyatları xeyli azalıb. Bu səbəbdən də su hövzələrində balıq ehtiyatlarının qorunmasına xüsusi diqqət yetirilməlidir. Sahibsiz heyvanlar məsələsinə gəldikdə isə, burada həmin fikirlər alqışlanmalıdır. Regionlarda sahibsiz itlərin sayı kifayət qədər çoxdur və onların heç bir sahibi yoxdur. Bəzən bu heyvanlar ac qalır, hətta öldürülür. Bu problemin həlli üçün müvafiq tədbirlər görülməlidir – sığınacaqlar yaradılmalı, tibbi xidmətlər təşkil olunmalıdır. Sahibsiz heyvanlara qarşı ənənəvi amansız mübarizə metodlarından istifadə edilməməlidir".