Antarktidanın buz örtüyünün kütləsi rekord həddə artıb: Alimlər səbəbini açıqlayıb

Şərqi Antarktidada - Kraliça Meri Torpağı və Uilks Torpağı ərazilərində- müşahidə olunan buz artımının əsas səbəbi Sakit okeanın qərbi ilə Hind okeanının şərqinin qovuşduğu tropik “isti hövzədə” davamlı istiləşmə olub.

Sherg.az xəbər verir ki, Çin Elmlər Akademiyasının Okeanologiya İnstitutunun beynəlxalq alimlər qrupunun araşdırmasına görə, buzla örtülü qitədən minlərlə kilometr uzaqda okean suyunun temperaturunun yüksəlməsi genişmiqyaslı atmosfer proseslərini işə salıb.

İstiləşmə nəticəsində atmosferdə uzun dalğalar -Rossbi dalğaları yaranıb. Bu proses hava dövranını dəyişdirərək iki əsas təzyiq zonasından ibarət sabit sistem formalaşdırıb: Avstraliyanın cənubunda aşağı təzyiq sahəsi, Şərqi Antarktida sahillərində isə yüksək təzyiq zonası yaranıb.

Bu atmosfer sistemi hava kütlələrinin istiqamətini dəyişdirib və Hind okeanının mülayim enliklərindən Antarktidaya doğru “atmosfer çayları”nın- atmosferdəki sıx su buxarı axınlarının daha tez-tez hərəkət etməsinə səbəb olub.

Nəmlə zəngin hava kütlələri Antarktida üzərində soyuyub. Nəticədə Uilks Torpağı və Kraliça Meri Torpağı ərazilərində qeyri-adi dərəcədə güclü və uzunmüddətli qar yağışları baş verib. Sonradan sıxlaşan bu qar kütlələri 695 milyard ton həcmində yeni buz örtüyünün yaranmasına səbəb olub.

Alimlərin hesablamalarına görə, ümumi qlobal istiləşmə bu yağıntı həcminin yalnız 9%-ni izah edir. Əsas rol isə tropik okeanlarda baş verən proseslərə məxsusdur.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, tropik “isti hövzədə” bu cür istiləşmə dövrləri təxminən 10 ildə bir dəfə baş verir. Bu isə ekvatorla Cənub qütbü arasında müntəzəm iqlim əlaqəsinin mövcudluğuna işarə edir.

Bununla belə, alimlər vurğulayırlar ki, rekord buz artımı müvəqqəti xarakter daşıyır və Antarktida buz örtüyünün ümumi azalması prosesini dayandırmır.

Son 20 il ərzində Antarktida ildə orta hesabla 140,5 milyard ton buz itirib. Qərbi Antarktidadakı buzlaqlar isə isti okean cərəyanları ilə təmas nəticəsində aşağıdan sürətlə əriməyə davam edir.