2026-cı ilin avqust ayında qlobal orta səth temperaturu 16,96 dərəcəyə çataraq müşahidələr tarixində ən yüksək göstəriciyə yüksəlib.
Sherg.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.
Məlumata görə, avqust ayında orta temperatur 1991–2020-ci illərin göstəricisindən 0,85 dərəcə yüksək olub. Bununla da 2023-cü ilin iyulunda qeydə alınan 16,95 dərəcəlik rekord geridə qalıb.
Avqust ayında qlobal temperatur sənayedən əvvəlki dövrün orta göstəricisini də 1,65 dərəcə üstələyib. İyun-avqust dövrünü əhatə edən yay mövsümü isə 2024-cü illə birlikdə tarixdə ən isti yay kimi qeydə alınıb.
Avropada avqust ayının orta temperaturu 20,26 dərəcə təşkil edib. Qərbi Avropa isə 2003-cü ildəki rekordu geridə qoyaraq tarixdə ən isti yayını yaşayıb.
Bundan başqa, qütb bölgələri istisna olmaqla okeanların orta səth temperaturu avqustda 21,07 dərəcəyə yüksələrək bu ay üçün rekord həddə çatıb. Mütəxəssislər yüksək temperaturun əsas səbəbləri sırasında Sakit okeanda güclənən El-Ninyo şəraitini də göstərirlər.